Altı bacının bir qardaşı: Əməkdar artist Arzu Hüseynov

Altı bacının bir qardaşı: Əməkdar artist Arzu Hüseynov
13:50

 Uşaqların "Karlson"unun evi özü ilə yaşıddı

"Mən sənətimlə pul qazana bilmirəm"

"Qəfil gözlərimdən yaş axdı. Yerimdən qalxıb sürətlə  otaqdan çıxdım"-    Əməkdar artist Arzu Hüseynov 

 

  Adı çəkiləndə, haqqında söz düşəndə, hardasa rastımıza çıxanda ən əvvəl onun unudulmaz aktyorumuz, Əməkdar artist Sadıq Hüseynovun övladı olduğunu düşünürük. Atasının yolunun davamçısı olduğu üçün ona qarşı qəlbimizdən çox xoş duyğular da keçir, yaxından tanıyanların xəyalı uzaq illərə qanadlanır. O illər ki, Azərbaycan Televiziyasında hazırlanan uşaq proqramlarında Əməkdar artist Arzu Hüseynov müxtəlif obrazlarla balaca dostlarının görüşünə tələsərdi. Və günlərin birində uşaqların sevimlisi bir başqa qiyafədə, bir ayrı biçimdə onları sevindirmişdi. Pırtlaşıq saçları, aşırmalı şalvarı, belindəki qəribə mühərrik balaca dostlarını çox güldürmüşdü. Onlara dünya uşaqlarının sevimli nağıl qəhrəmanı, məşhur cizgi filmindən  tanıdıqları Karlson qonaq gəlmişdi.  

  Uşaqların sevimli aktyoru ilə illər sonra News365.az-da həmsöhbət olduq.   

  Hələ tələsməyək. Gəlin əvvəlcə yaddaşımızı təzələyək: 

  "...Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi."

  ...Kiminə uzaq, kiminə yaxın şəhərlərin birində, adi bir küçənin ən adi bir evində isə Arzu adlı bir oğlan yaşayırdı. 

 

  -Bir oğlan yox, iki. Biz əkiz doğulmuşduq. Neçə qızdan sonra dünyaya gəlişimiz ailəmizə böyük sevinc yaşadıbmış. O səbəbdən mənim adımı Arzu, qardaşımınkını isə Seyran qoyurlar. Təəssüflər olsun ki, bu sevinc uzun sürmür. Anam danışırdı ki, həkim səhvindən bir yaşlı qardaşım həyatda qalmır. Görünür, bu da həyatın sirr dolu bir yazısı imiş. Hərdən düşünürəm ki, bəlkə də bu sirrin bir açımı odur ki, atam Arzu adını mənə verib, o səbəbdən altı bacıya qardaş olaraq həyatda yalnız mən qaldım. Anam sonralar mənə danışardı ki, qardaşınla beşikdə yan-yana yatardınız. O, öləndən sonra sən tez-tez qardaşın yatan tərəfə baxardın və yerində görməyəndə başlayardın ağlamağa.   

 

  -...Amma deməzdim ki, kiminə uzaq, kiminə yaxın şəhərdə yaşayan Arzunun ailəsi o uzaq şəhərlərin birində yaşayan Balacanın ailəsi kimi adi idi.

 -Ən birincisi, anamla atam dayıqızı-bibioğlu olublar- Artıq bu, adilikdən çıxır. Anam evdar qadın idi. Ömrü övladlarına baxmaq, ailənin qayğısına qalmaq,  biş-düşünü etmək, təmizliyini saxlamaq, bir sözlə, fədakar ananın görə biləcəyi nə iş, daşıya biləcəyi nə yük varsa, ona çalışıb. Atam isə ömrünü aktyorluq sənətinə həsr edib. Qədərincə tanınıb, bu sənətdə adı, imzası olan insandı. Əməkdar artist idi. Onu balacalı-böyüklü Savalan baba kimi də hamı xatırlayır- Bu da ailəmizin adilikdən çıxdığına ikincü sübut.    

  -O uzaq şəhərlərin birində yaşayan Balacadan fərqli olaraq Arzunun qeyri-adiliyi vardı. İllər ötdü. Böyüdü. Gördülər ki, o, uzaq şəhərlərin birində yaşayan Balacanın qeyri-adi dostuna- Karlsona çox oxşayır. Onu balaca dostları "Karlson" deyə çağırmağa başladılar. Bəli, bəli, Karlson! Hətta tənbəllik etməyib onu daha uzun adı ilə çağırırdılar: "Damda yaşayan Karlson!"

  -Balaca dostlarımın mənə belə müraciəti məni çox sevindirirdi, yağ kimi canıma yayılırdı. Özümü Karlson kimi çox xoşbəxt hiss edirdim. 

-Doğrudur, Arzu Karlson kimi damda yaşamırdı. Amma bəstəboyu, tosqunluğu ilə onu görən uşaqlar elə bilirdilər ki, uzaq Stokholmdan elə indicə uçub gəlib Bakıya, xüsusi olaraq balacaları şənləndirməyə, özünə yeni dostlar tapmağa. Zarafat deyil, uşaqlar onun qarnındakı düyməni basan kimi kürəyində olan məzəli mühərrikin işə düşdüyünü dəfələrlə öz gözlərilə görmüşdülər. 

  -Uşaqların məni bu qədər sevməsi bilirsiniz nədən idi?- Obrazımı təbii oynayırdım, sevə-sevə oynayırdım. Çəkiliş zamanı uşaqların təbəssümünü, gülər üzlərini görən kimi özümü unudurdum, nitqim də dəyişirdi, baxışım da... dönüb olurdum Karlson. Xoşbəxtliyimi onda tapırdım. 

  Bir də bu obrazın sevilməsinin bir səbəbi, bəlkə də başılcası, o vaxtlar Azərbaycan Televiziyasının Uşaq Verilişləri redaksiyasının biz aktyorlar üçün yaratdığı yaradıcı mühit idi. Aktyor Allahverdi Yolçuyevin "Ovçu Pirim"i, Adışirin Bağırovun "Simsim lələ"si, Xudu Mürsəlovun "Ağanəzər pəhləvan"ı, Əlvan Fərmanoğlunun "Şən Şəbələ"si də həmin vaxtlar yarandı və uşaqların sevimlisinə çevrildi. 

 

  -Aktyorluq sənətini seçməyinizdə təəccüblü nəsə görmürəm. Çünki siz tanınmış aktyorumuz, Əməkdar artist Sadıq Hüseynovun ailəsində dünyaya göz açmısınız. 

  -Balaca idim. Bir dəfə məni bacımgilə aparmışdılar. Həmin vaxt televiziyada rejissor, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin hazırladığı bir tamaşanı göstərirdilər. O tamaşada atama da rol verildiyindən hamılıqla baxırdıq. Həmin ekran əsərində çox kövrək anlar vardı. Yadımdadı ki, atam orda bir monoloq dedi. Çox təsirli idi. Doğmalarının ona qarşı səhv etdiklərini elə incə, kövrək səs notları ilə anladırdı ki... Mən özümü saxlaya bilmədim, gözlərimdən yaş axdı. Yerimdən qalxıb sürətlə otaqdan çıxdım. (doluxsunur-red.) İndi də yadıma düşəndə kövrəlirəm. Atam yaxınlaşıb məni sakitləşdirməyə çalışdı: "Oğlum, nə oldu sənə? Niyə ağladın?" Handan-hana dilləndim: "Nə bilim... Mənə təsir elədi". Sakitcə əllərimi üzümə tərəf apardım, gözlərimin yaşını silmək istədim. Atam dinmirdi. Başımı qaldırıb üzünə baxdım. Çöhrəsində təbəssümə oxşar nəsə vardı,- sən aktyor olacaqsan-dedi. Bilmirəm buna sevinirdi, yoxsa... Azca sözünə fasilə verəndən sonra dedi:- "Uşaq vaxtı atama qoşulub Kürdəmir xalq teatrında “Laçın yuvası”na baxmağa getmişdim. Elə səni kimi tamaşanın bir yerində təsirlənib bərkdən qışqırmışdım. Atama sığınıb, onu bərk-bərk qucaqlamışdım".  

  O gündən aktyor olacağıma inandım. Atam  xeyir-duasını da vermişdi. 

  Səhnədə ilk addımlarımı 9-cu sinifdə atdım. Atam o vaxt məni həvəskar aktyor kimi Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun çalışdığı xalq teatrına apardı. Vaxt gəldi, mənə də rollar verdilər, oynadım. Belə... Bu da sənətimin başlanğıcı.   

 

  -İllər sonra atam Azərbaycan Televiziyasında hazırlanan uşaq verilişlərində Savalan baba, mən isə əvvəl "Nərbala", sonra "Tənbəl Əhməd", nəhayət "Karlson" obrazlarında çıxış etdik. Yadımdadır ki, biz aktyorlar üçün çox maraqlı ssenarilər yazılırdı. Rejissorlar oynadığımız səhnəciklərə gözəl quruluşlar verirdilər. Hər çəkiliş bizimçün unudulmaz günə, sonralar   xoş xatirələrə dönürdü. 

  -"Savalan baba ailədə necə idi? Nəvələrinə istədiyi diqqəti göstərməyə vaxt tapırdımı?  

  -Atam xasiyyətcə çox mülayim insan idi. İpək kimi adam idi. Uşaqları çox sevirdi. Deyirdi ki, Azərbaycanda iki milyon nəvəm var. Onların on biri evimdədi. 

  ...Azərbaycan Radiosunun Uşaq Verilişləri redaksiyasının baş redaktoru rəhmətlik Rafiq Savalan "Biləyən" verilişinə "Savalan baba" obrazı üçün namizədləri sınaqdan keçirirmiş. Redaksiyaya bir neçə uşaq da dəvət edibmiş. Rafiq müəllim namizədlərə deyir ki, uşaqları yanınıza çağırın. Növbə atama çatanda uşaqlara "Yaxın gəlin görüm, ay mənim gözümün işığı, şirin-şəkər nəvələrim" deyən kimi hamısı sevincək qaçır atamın yanına. Elə o gündən də Sadıq Hüseynov olur uşaqların Savalan babası.  

  Atamın uşaqlara baba sevgisi mənə də keçib. Harda uşaq görsəm mütləq ona nəvaziş göstərirəm, danışdırmağa çalışıram. İndi özümün də nəvələrim var. Biri beşinci, o biri altıncı sinifdə oxuyur. Mən uşaqları görəndə uşaqlaşıram, oluram onlardan biri.  

 

  -Bir vaxtlar ekranlardan düşməyən, dostlarının əhatəsində çox şən, xoşbəxt görünən "Karlson"un bugünkü əhvalı necədir? Ev, ailə ehtiyaclarını qarşılaya bilirmi? 

  -Çətindi. Mən sənətəmidən pul qazana bilmirəm. Çox az-az, neçə ildən bir çəkildiyim vaxtlar olur. Altı il bundan əvvəl "İdarə" serialına çəkildim. Bir il bundan əvvəl isə "Lampa" filmində də rol oynadım. Sağ olsunlar, yaxşı qonorar verdilər. "Çarəsiz"ə çəkildim- bir seriyasına, bu da çarə deyil. Yaşadığım mənzil ailəmiz üçün çox darısqaldı. "Xruşşovka"dı. Məminlə yaşıddı. Təmir elətdirmək imkanım yoxdu. Ailəmizin büdcəsi gündəlik xərclərimizə, kommunallara güclə çatır. Qəfil bir ehtiyac yarananda,problemimiz çıxanda qalırıq çarəsiz. Yoldaşıma da, özümə də ciddi müalicə lazımdı. Amma nə ilə? Hansı məvaciblə? Bununla belə, bir yerdə dayanmıram. Ağrılarıma baxmıram. "Lampa" filminə çəkiləndə dizlərim bərk ağrıyırdı. Oynadığım obraz hərəkətli idi. Dörd gün çəkiliş oldu. Dözdüm. Ağrılarıma baxmayaraq özümü toparlayıb rolumu axıra kimi oynadım.  

  Bundan başqa özüm çəkilişlər edib, sosial şəbəkələrdə paylaşıram- doğrudur, pul gətirmir, amma bununla özümə mənəvi təsəlli tapıram.  

  -Əməkdar artist Arzu Hüseynovun diqqətdən kənarda qalması kimin günahıdır? Bəlkə yaradıcılıq potensialınızın tükəndiyini düşünürlər?  

  -Xeyr, tükənməmişəm. Mənim istedadımı görmək istəyənlər çəkdiyim videolara baxsınlar. Əlbəttə, mən əsl səhnədə olmaq istəyirəm. İndiyə kimi rejissorların hansındansa narazılıq eşitməmişəm. Bəlkə də düşünürlər ki, biz az-çox tanınmışıq, tamaşaçıya ekranda yeni üzlər görmək maraqlıdır- elədirsə, səhvdir. Üstünlük peşəkarlara veruilməlidir. Məsələn, Allahverdi Yolçuyev. Doğrudur, xəstəliyindən əvvəl az-çox çəkildi, halbuki daha çox rol oynaya bilərdi. Amma Adışirin Bağırovu dəvət edən yoxdu. Halbuki o da aktyorluq məktəbi keçib, potensialı var. Kiməsə üz tutanda eyni cavabı eşidirik: "Sponsorunuz  var?" -Bu cavabı eşitmək mənə çox ağırdı. 

  -Karlson şənlənməyi çox sevir. Bizim "Karlson"un bu yaşda sevinməsi üçün ən çox duyduğu ehtiyac nədir? 

  -Mənim bir ata kimi, baba kimi, ailə başçısı kimi sevinməyim övladlarımın, nəvələrimin xoşbəxt yaşamasını görməkdir. Doştalarımın, bir vaxtlar birgə çalışdığım yaradıcı insanların xoş sorağını eşitməkdir. Bir də ehtiyac duyduğum sənətimlə bağlıdır- seriallara dəvət etsələr çox sevinərəm. Yaşıma görə mənə məhdudiyyət qoymasınlar. Düzgün rol bölgüsü aparsınlar. Aktyor seçimində "tərəzi"nin gözünə düz baxsınlar. Düz baxsalar, əminəm ki, ağır gözündə məni də görəcəklər.   

  Nazim Əlifov






Sizin reklam burada
Sizin reklam burada