YUĞ-da “Birinci akt” tamaşasına daxili baxış keçirilib

YUĞ-da “Birinci akt” tamaşasına daxili baxış keçirilib
18:00

6 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasına daxili baxış keçirilib.

News365.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Teatrın Bədii Şurasının üzvləri tamaşanı izləyiblər. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ Teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə hazırlanmış bu tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib. İfaçıların böyük qismi dəyişsə də, yozum prinsipləri maksimal dərəcədə saxlanılıb. Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şerif, rəssamı Umay Həsənova, rejissor assistenti isə Günel Səfərovadır. Tamaşanın musiqi tərtibatında Pyotr İliç Çaykovskinin “İlin çağları” fortepiano silsiləsinin “May”, “Oktyabr” və “Dekabr” hissələrindən istifadə edilib. “Birinci akt” tamaşasında rollarda aktyorlar Təranə Ocaqverdiyeva (Lyubov Andreyevna Ranevskaya), Nigar Mürsəl (Anya), Ləman Mərrih (Varya), Amid Qasımov (Leonid Andreyeviç Qayev), Elgün Həmidov (Semyenov-Pişşik Boris Borisoviç), Elşən Əsgərov (Panteleyeviç Yepixodov), Əbdülqəni Əliyev (Firs), Oqtay Mehdiyev (Yermolay Alekseyeviç Lopaxin), Günəş Tegin (Dunyaşa), Rahib Allahquliyev (Pyotr Sergeyeviç Trofimov) və Murad Fərzəliyev (Yaşa) çıxış ediblər. 

Tamaşadan sonra Bədii Şura üzvlərinin və kollektivin iştirakı ilə geniş müzakirə keçirilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul olunub.  

“Birinci akt” tamaşasının premyerası 12 mart saat 19.00-da baş tutacaq. 


Sizin reklam burada
Sizin reklam burada