"Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb

"Loft Dent" klinikasının direktoru Bəhruz Paşayevin həbs müddəti uzadılıb
18:40

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğında 3 nəfərin ölümü ilə əlaqədar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

News365.az APA-yamistinadla xəbər verir ki, Bəhruz Paşayev barəsində qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb.

Onun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığlı məlumatda bildirilib ki, ötən ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada