Donald Trampın Ukrayna–Rusiya münaqişəsinin dayandırılması istiqamətində səylərinə baxmayaraq, sülh danışıqlarında əsas düyün nöqtəsi hələ də ərazi məsələsi olaraq qalır.
Politoloq Fikrət Sadıqov Ukrayna–Rusiya münaqişəsinin nizamlanması prosesində irəliləyişlərin olduğunu, lakin əsas maneənin hələ də ərazi məsələləri olaraq qaldığını bildirib.

News365.az-a açıqlama verən politoloq qeyd edib ki, danışıqlarda “90 faiz irəliləyiş” ifadəsi bir sıra məsələlər üzrə razılığın əldə olunduğunu göstərsə də, qalan 10 faizin həlli olmadan yekun nəticəyə çatmaq mümkün deyil:
“90 faiz, hətta 95 faiz razılaşma olsa belə, əgər ərazi problemi açıq qalırsa, digər məsələlərin həlli də mümkünsüz olacaq. Çünki həmin 10 faiz o qədər mürəkkəbdir ki, onu çözmədən ümumi razılığa gəlmək qeyri-mümkündür.”
Fikrət Sadıqov vurğulayıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp münaqişənin dayandırılması və qan tökülməsinin qarşısının alınması üçün ciddi səylər göstərib:
“Gördüyümüz kimi, Tramp əlindən gələni edib ki, bu münaqişə sona çatsın, artıq qan tökülməsin.”
Politoloq həmçinin bildirib ki, prosesdə təhlükəsizlik, terrora qarşı mübarizə və Ukraynanın beynəlxalq hərbi bloklara qoşulmaması kimi məsələlər də gündəmdədir:
“Burada əsas məsələlərdən biri Ukraynada terrorçuluqla mübarizə və təhlükəsizliyin təmin edilməsidir. Eyni zamanda, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük perspektivləri ilə bağlı razılaşdırılmamış məqamlar da müzakirə mövzusudur.”
Sadıqov sülhməramlı missiya ilə bağlı detallara da toxunub. Onun sözlərinə görə, sülh prosesinin yekun mərhələsində əsas suallardan biri bu olacaq:
“Hansı ölkələr və hansı qüvvələr sülhməramlı missiyada iştirak edəcək? Onların mandatı, tərkibi və missiyanın təhlükəsizlik çərçivəsi necə müəyyənləşəcək – bunlar da müzakirə olunan məqamlardandır. Bu, kiçik görünən, amma vacib detallardan biridir.”
Fikrət Sadıqov yekunda bir daha əsas şərti xatırladıb:
“Əgər ərazi məsələsi həll olunmasa, istənilən faiz ifadəsi sadəcə rəqəm olaraq qalacaq. O halda heç bir problem tam şəkildə həll olunmayacaq.”