“Görüşlərdə dostluq görüntüsü var, amma prinsipial məsələlər hələ də həll olunmayıb”.
Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, son görüşlərdə tərəflərin verdiyi dostluq mesajları görüntüdən ibarətdir və real nəticələr hələlik əldə olunmayıb.

“Görüntü və real vəziyyət bir-birindən fərqlidir. Hər nə qədər dostluq çərçivəsində müzakirələr aparılsa da, ortada faktiki nəticələr yoxdursa, bu, sadəcə görüntü mesajı kimi qiymətləndirilir”, – deyə Bayramov qeyd edib.
O bildirib ki, görüşlərin əsas aparıcı qüvvəsi Amerika Birləşmiş Ştatlarıdır və ABŞ-ın hər iki tərəfə göstərdiyi təzyiq mühüm rol oynayır.
“Ukrayna və Rusiya üzərində tətbiq olunan təzyiqlər, enerji resurslarına qoyulan qadağalar və digər iqtisadi məhdudiyyətlər faktiki olaraq ABŞ-ın təsirini göstərir. Tramp isə ara-sıra verdiyi mesajlarla Ukraynaya dəstəyin davam edə biləcəyini, hətta müəyyən silahların verilə biləcəyini göstərmişdi”, – Bayramov əlavə edib.
Politoloq vurğulayıb ki, ABŞ-ın təzyiqi altında keçirilən görüşlərdə tərəflər daha çox özlərini yaxşı göstərməli olurlar, lakin prinsipial məsələlər hələ də həll edilməyib. “Bir il bundan əvvəl tərəflər nələrdə ortaq məxrəc tapa bilmirdilərsə, bu gün də vəziyyət eynidir”, – deyə Rəşad Bayramov bildirib.