BƏƏ və İordaniya İrana qarşı mümkün hücuma hazır olduqlarını açıqlayıb

BƏƏ və İordaniya İrana qarşı mümkün hücuma hazır olduqlarını açıqlayıb
12:50

BƏƏ və İordaniya İrana qarşı mümkün hərbi müdaxilə halında dərhal hücuma dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Regionun digər aparıcı ölkələri – xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə isə belə bir müdaxiləyə qarşı çıxır.

News365.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası daxilində də bu məsələdə fikir ayrılığı mövcuddur. Vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, eləcə də Böyük Britaniya, İsrail və BƏƏ Vaşinqtonu İrana qarşı dərhal hərbi addım atmağa çağırır. Digər tərəfdən, Trampın kürəkəni Cared Kuşner və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff mümkün hücuma qarşı çıxanlar sırasındadır.

Məlumata görə, Türkiyə ABŞ-a İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirib. Bununla yanaşı, Ankara kürd məsələsi çərçivəsində Tehranla kəşfiyyat əməkdaşlığını davam etdirəcəyini də açıqlayıb.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, BƏƏ və İordaniyanın açıq şəkildə İrana qarşı müdaxiləyə hazır olduqlarını bəyan etməsi təsadüfi deyil. Onun sözlərinə görə, İordaniya artıq bir müddətdir ki, İranla gərgin münasibətlər yaşayır. “Hizbullah”ın İordaniyaya sızma cəhdləri və İran–İsrail qarşıdurması zamanı Tehranın İordaniya hava məkanını pozması bu gərginliyi daha da artırıb. Hətta rəsmi Amman faktiki olaraq İsrailin İrana zərbələrinə mane olmayıb və bəzi hallarda İran raketlərini havada zərərsizləşdirib.

Ekspert qeyd edib ki, BƏƏ də İranı Körfəz təhlükəsizliyi üçün əsas təhdid hesab edir və bu səbəbdən ABŞ-la sıx hərbi koordinasiyada maraqlıdır. Lakin əsas həlledici məsələ ABŞ-ın seçəcəyi müdaxilə modelidir.

Rzayevin fikrincə, Vaşinqton İraq və Əfqanıstan ssenarisinin təkrarlanmasından çəkinir və tammiqyaslı quru əməliyyatına getmək istəmir. ABŞ daha çox hava, dəniz, raket və kəşfiyyat üstünlüyünə arxalanaraq quru komponentini regional müttəfiqlərin üzərinə yükləməyi planlaşdırır.

Politoloq vurğulayıb ki, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və Suriyanın prosesə qoşulmaması ABŞ-ın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Xüsusilə Türkiyənin mövqeyi bu kontekstdə həlledici hesab olunur. Ankara nə İranda xaosun yaranmasını, nə də ABŞ–İsrail nəzarətində güclü İran ssenarisini qəbul edir.

Sonda Turan Rzayev bildirib ki, əgər Səudiyyə Ərəbistanı və Türkiyə mövqelərini dəyişməzsə, ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə getməsi yüksək riskli və baha başa gələn variant olaraq qalacaq. Bu isə yaxın perspektivdə tam müharibədən çox, məhdud hərbi zərbələrin ehtimalını artırır.

Politoloq Turan Rzayev



Sizin reklam burada
Sizin reklam burada