Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR
10:33

Rusiya prezidenti Vladimir Putin Stiv Uitkoffu ABŞ tərəfindən danışıq aparacaq şəxs olaraq özü seçib.

Bunu The Wall Street Journal mənbələrə istinadən yayıb.

Bildiriblər ki, Putin Donald Trampın Uitkoffun üzərində dayanması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə əlaqələrindən istifadə edib.

Nəşrin mənbələrinə görə, Putin Uitkoffla görüşməkdə maraqlı idi. Uitkoffa Rusiyaya səfər dəvəti Kremlin elçisi Kirill Dmitriyevdən gəlmişdi və o, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanı vasitəçi kimi istifadə etmişdi. Məqalədə deyilir ki, Səudiyyə şahzadəsi uzun müddətdir Dmitriyevin dostudur.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli nəşrə verdiyi şərhdə Uitkoffu təyin etmək qərarının yalnız ABŞ prezidenti Donald Tramp tərəfindən verildiyini iddia edib. O, əlavə edib ki, "xarici ölkələrin bu qərara hər hansı bir təsiri olduğu iddiası absurddur".

WSJ həmçinin yazır ki, Səudiyyə Ərəbistanı uzun illərdir ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə edilməsində ABŞ-a kömək təklif edib.

Mənbələrə görə, Moskvanın Amerika nümayəndəsi ilə görüş üçün bir tələbi olub: Stiv Uitkoff şəxsən, yəni MKİ agentləri, diplomatlar və hətta tərcüməçi olmadan gəlməli idi.
 

Nəşr yazır ki, Putin Trampın yaxın çevrəsini, o cümlədən Ukrayna və Rusiya üzrə elçi Keyt Kelloqu araşdırıb. Lakin Rusiya kəşfiyyatının hesabatlarında Kelloqun qızının Ukraynada xeyriyyə təşkilatı idarə etdiyi göstərilirdi. Bu, öz növbəsində Kelloqun Rusiyanın tələblərinə düşmən münasibət bəsləyə biləcəyinə dair xəbərdarlıq əlaməti idi.


WSJ bildirir ki, Uitkoff və Putin arasında ilk görüş zamanı ABŞ nümayəndəsi Kreml liderinin "Rusiyanın minilliklər boyu davam edən tarixi" mövzusunda mühazirəsini dinləyərkən daim qeydlər aparıb. Putin özü qarşısında oturan şəxsin Rusiyanın mövqeyinə həqiqətən açıq olub-olmadığını qiymətləndirirdi.

Nəşr həmçinin qeyd edib ki, Uitkoff bu müddət ərzində Moskvaya altı dəfə səfər edib, lakin Ukraynaya heç vaxt səfər etməyib. Ağ Ev sözçüsünün sözlərinə görə, Uitkoff Rusiyaya şəxsi təyyarəsi ilə gedir və bütün xərcləri özü ödəyir.

O, həmçinin keçmiş peşəkar qolfçu və televiziya aparıcısı olan sevgilisi Loren Olayanı bəzi xarici səfərlərinə aparır.

Jurnalistlərin yazdığına görə, Rusiyaya səfər edən ABŞ hökumətinin yüksək vəzifəli rəsmiləri "Moskva Qaydaları" kimi daha çox tanınan bir kitabçadan təlimatlar alıblar. Kitabda Rusiya agentlərinin amerikalı qonaqları izləmək, tələyə salmaq, güzəştə getmək və cəlb etmək üçün çoxsaylı üsulları təsvir olunub: "Uitkoffun Kremlə elçi kimi gedib çıxması qismən Putinin amerikalı diplomatları prosesdən kənarlaşdırmaq və milyarderlərlə yaxınlaşmaq üçün etdiyi manevrlərin bariz nümunəsidir. Bu, çətin deyildi. Tramp ənənəvi qurumlara və ittifaqlara şübhə ilə yanaşdığını gizlətməyib, Uitkoff kimi uzunmüddətli dostunun şəxsi sədaqətini qiymətləndirib".

WSJ qeyd edir ki, Putinin bu iş adamı-diplomat kanalını necə qəbul etdiyi hələ də aydın deyil. Ola bilər ki, o, həqiqətən müharibəni bitirmək istəyir, ola da bilər ki, əksinə, Kreml lideri "Trampın ticarət dəyərlərindən sui-istifadə etmək və onu tələyə salmaq" üçün bir oyun oynayır.


Sizin reklam burada
Sizin reklam burada