Avropa İttifaqının Rusiyanı “yüksək riskli” ölkələr siyahısına salmasından sonra bir sıra ölkələrin bankları rusiyalılara qarşı sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.
RBC hüquqşünaslara və beynəlxalq biznes üzrə məsləhətçilərə istinadən yazır ki, Ermənistan və Serbiya bankları rusiyalılara hesab açmaqdan və maliyyə əməliyyatları aparmaqdan imtina edir.
Məlumata görə, bəzi hallarda banklar xidmətləri heç bir ətraflı izah vermədən dayandırır, bunu yalnız “daxili tələbləri” ilə əsaslandırırlar. Musavat.com qeyd edir ki, artıq əvvəlcədən açılmış hesablar da bağlanır və bu, hətta yaşayış icazəsi, biznesi və ya uzunmüddətli qalma statusu olan rusiyalılara da şamil olunur.
Hüquq şirkəti "O2 Consulting" bildirib ki, Qazaxıstan, Tacikistan və Oman bankları da əməliyyatlar üzərində nəzarəti ciddi şəkildə gücləndiriblər.
Yeni tələblər həm fiziki, həm də Rusiya ilə əlaqəsi olan hüquqi şəxslərə aiddir. Müştərilərdən vəsaitin mənşəyi, köçürmələrin iqtisadi məntiqi və vergi statusu barədə əlavə sübutlar tələb olunur.
Mütəxəssislərin sözlərinə görə, rusiyalıların şəxsi hesabları arasında köçürmələr belə dayandırılır, bəzi hallarda isə vəsaitlər müəyyən edilməmiş müddətə dondurulur.
Hüquqşunaslar bu prosesin beynəlxalq tənzimləyicilərin və müxbir bankların təzyiqi ilə bağlı olduğunu bildirirlər. Maliyyə qurumları mümkün ikinci dərəcəli sanksiyalardan çəkinərək riskləri öncədən minimuma endirməyə çalışırlar.
Xatırladaq ki, Avropa İttifaqı dekabrın əvvəlində Rusiyanı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi baxımından yüksək riskli ölkələr siyahısına daxil edib. Musavat.com bildirir ki, bu siyahı Aİ-nin FATF-in “qara siyahı”sına bənzər mexanizmidir və burada İran, Myanma və Şimali Koreya kimi ölkələr yer alır. Qərarın qəbulunda Kiyev, Avropa Parlamenti, eləcə də Mərkəzi və Şimali Avropanın bir sıra ölkələri fəal lobbiçilik edib.