Maskın sərvəti 700 milyard dolları keçdi

Maskın sərvəti 700 milyard dolları keçdi
11:58

Elon Musk 700 milyard dollarlıq sərvəti aşan ilk insan oldu.

Tesla şirkətinin baş icraçı direktoru Elon Maskın sərvəti Delaver Ali Məhkəməsinin onun əməkhaqqı paketi ilə bağlı qərarından sonra 749 milyard dollara yüksəlib. 

Reuters-in məlumatına görə, Delaver Ali Məhkəməsi ötən il ləğv edilmiş və dəyəri 139 milyard dollar olan Tesla səhmlərinə bağlı opsion paketini bərpa edib. Söhbət Maskın 2018-ci ilə aid, ilkin olaraq 56 milyard dollar dəyərində qiymətləndirilən əməkhaqqı paketindən gedir. Həmin paket iki il əvvəl aşağı instansiya məhkəməsi tərəfindən “ağlasığmaz” hesab edilərək ləğv edilib.

Ali Məhkəmə bildirib ki, 2024-cü ildə qəbul olunan və əməkhaqqı paketinin ləğvini nəzərdə tutan qərar düzgün və ədalətli olmayıb.

Qeyd edək ki, Mask bu həftənin əvvəlində də 600 milyard dollarlıq sərvət həddini aşan ilk şəxs kimi tarixə düşüb. Buna səbəb onun aerokosmik startapı SpaceX-in yaxın gələcəkdə birja çıxışı (IPO) ehtimalı ilə bağlı yayılan xəbərlər olub.

Bundan başqa, 2025-ci ilin noyabrında Tesla səhmdarları Mask üçün nəzərdə tutulan 1 trilyon dollarlıq yeni əməkhaqqı planını təsdiqləyiblər. Bu paket korporativ tarixdə indiyədək qeydə alınmış ən iri əməkhaqqı razılaşması hesab olunur. İnvestorlar bu qərarla Tesla-nın elektrik avtomobil istehsalçısından süni intellekt və robototexnika nəhənginə çevrilməsi vizyonunu dəstəklədiklərini bildiriblər.

Forbes-in məlumatına görə, Maskın sərvəti hazırda Larry Page-in sərvətini təxminən 500 milyard dollar üstələyir. Larry Page hazırda dünyanın ikinci ən zəngin şəxsi hesab olunur.


Sizin reklam burada
Sizin reklam burada