Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa və inkişaf prosesi davam edir. Ermənistanın illərlə davam edən dağıdıcı işğal siyasətinin ağır nəticələrinə baxmayaraq, bu torpaqlarda həyat yenidən canlanır. İnfrastruktur layihələri, sosial proqramlar və beynəlxalq əməkdaşlıq təşəbbüsləri bölgəni sabitliyin və inkişafın mərkəzinə çevirir.
Bu barədə News365.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, mayın 28-də – Müstəqillik Günü münasibətilə Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü həm rəmzi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
"İşğaldan azad edilmiş ərazilərdə belə yüksək səviyyəli beynəlxalq tədbirin təşkili Azərbaycanın bölgədə sülhün və təhlükəsizliyin təminatçısı olduğunu bir daha sübut etdi. Laçın görüşü göstərdi ki, müharibədən sonra yaranmış reallıqlar dəyişməz qalır və bu ərazilər artıq əməkdaşlıq platformasına çevrilib", – deyə deputat bildirib.
Onun sözlərinə görə, Zirvə görüşü təkcə regional deyil, həm də qlobal səviyyədə yeni siyasi və iqtisadi əməkdaşlıq imkanlarını gündəmə gətirib. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan bu üçtərəfli model, beynəlxalq arenada getdikcə daha ciddi qəbul olunur.
Aydın Hüseynov həmçinin xatırladıb ki, Şuşa Bəyannaməsi regionda revanşizm meyillərinə son qoyduğu kimi, Laçın görüşü də imperiya ambisiyaları güdən bəzi dairələr üçün açıq mesaj oldu.
“Azərbaycan, Türkiyə və Pakistan arasında yaranan ‘Üç Qardaş’ formatı, artıq sadəcə siyasi bəyannamə deyil, konkret əməkdaşlıq platformasıdır. Bu format Cənubi Qafqazda sülhün möhkəmlənməsi, qarşılıqlı etimad və birliyin gücləndirilməsi baxımından ciddi rol oynayacaq”, – deyə deputat vurğulayıb.
Deputat əlavə edib ki, ölkəmizin Türkiyə və Pakistanla həmrəylik nümunələri — istər Türkiyədəki zəlzələ zamanı, istərsə də Pakistan-Hindistan gərginliyində göstərilən dəstək — üçtərəfli münasibətlərin nə qədər dərin və səmimi olduğunun sübutudur.
Sonda Aydın Hüseynov bildirib ki, bu əməkdaşlıq formatı yalnız bölgədə deyil, daha geniş coğrafiyada da müsəlman ölkələrinin siyasi çəkisinin artmasına töhfə verir: “Azərbaycan bir daha sübut etdi ki, bölgədə və regiondan kənarda sülhə, əməkdaşlığa, qarşılıqlı dəstəyə əsaslanan yeni geosiyasi düzənin formalaşmasında əsas aktorlardan biridir”.