“Türməni pis günə qoyublar. Qapısı açıq qalıb deyə Şuşaya
gələn turistlər içərini dağıdıb. Çox pis vəziyyətə salıblar. Qoruğa tapşırdım
ki, qapıları bağlı saxlasınlar”.
Bunu 1988 - 1992-ci
illərdə Şuşa türməsinin rəisi vəzifəsində çalışmış polkovnik-leytenant Aydın
Abbasov deyib.
O bildirib ki, türmənin anbarında olan rəflər sökülüb:
“Kameralardakı çarpayılar dağıdılıb. Sözlə deyiləsi deyil.
İtalyanlar həbsxananın muzeyə çevrilməsi ilə məşğuldurlar. İşlər davam edir.
Eskizlər hazırlayırlar, layihələr işləyirlər. Orada əlavə tikintilər var, onu
sökürlər. Türmənin əsas binası qalacaq”.
Qeyd edək ki, Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin
ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara
görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada
saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək,
Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf
ərazilərdə yaşayan insanları bu əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın
inşası üçün vəsait ayırıb.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın
aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi
kimi fəaliyyət göstərib.
Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və
müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa
qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən
formalaşdırılıb.
Şuşa türməsi həm də tarixi abidə, arxitektura nümunəsidir.
Buna görə də bura tikinti-arxitektura baxımından öyrənilməli, qorunmalıdır.
Şuşa həbsxanası Rusiya imperiyası və SSRİ hakimiyyəti
dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, ət qatı cinayətkar
hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə həbsxana 350
nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Rusiya imperiyasının və SSRİ-nin ən
müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkib.
1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da
buradan həbsxana kimi istifadə olunub.
Torpaqların işğalından sonra Azərbaycanın yaşayış məntəqələrindən
girov düşən və yaxud da əsir düşən hərbçilərimiz, mülki vətəndaşlarımız bu məşhur
Şuşa türməsində min bir əziyyətə düçar oldular. Erməni cəlladları onların bəzilərinə
burada işgəncə verərək öldürdü. Bəziləri isə, necə deyərlər, qəlbində ağır
yaralarla bu gün də unuda bilməyəcəkləri dəhşətlərlə, unuda bilməyəcəkləri
xatirələrlə geri, Azərbaycana qaytarıldılar.
İşğal zamanı erməni cinayətkarları əsir götürdükləri azərbaycanlıları
məhz burada saxlayıblar. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən,
Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara
burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə
yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni
vəhşiliyi ilə üzləşiblər.
SSRİ-də ən dəhşətli türmələrdən hesab olunan və iki əsrə
yaxın yaşı olan Şuşa türməsi ermənilərin 28 ildə azərbaycanlılara qarşı törətdiyi
cinayətlərin, onlara verdiyi işgəncələrin canlı şahididir. Azərbaycan Ordusunun
əks-hücum əməliyyatları zamanı 4 oktyabr 2020-ci ildə Dilgəm Əsgərov və Şahbaz
Quliyev saxlanıldıqları Şuşa həbsxanasından Ermənistana aparılmışdılar. Onlarla
bərabər digər məhbuslar da Şuşadan Ermənistana köçürülmüşdülər.
Onlar Şuşa türməsində erməni zülmünə məruz qalan sonuncu azərbaycanlı
oldular. Daha sonra isə Ali Baş Komandanın təkidi ilə Dilqəm Əsgərov və Şahbaz
Quliyev azad edilərək, Ermənistandan Azərbaycana qaytarıldılar.