“Türkiyə və İsrail arasındakı gərginlik, əslində bir mətbuat əməliyyatıdır”
Politoloq Qədir Aslan bu sözləri News365.az-a açıqlamasında deyib.
"Türkiyə ilə İsrail Yaxın Şərq regionunda zaman-zaman qarşı-qarşıya gəlmiş mövqelərdə olublar. Doğrusu, mən başa düşə bilmirəm ki, bu iki ölkə niyə diplomatik müstəvidə bu qədər gərgin münasibətlərə malikdir. Halbuki reallıqda – kəşfiyyat, əks-kəşfiyyat və xüsusilə Suriyada həyata keçirilən hərbi əməliyyatlar sahəsində – Türkiyə, ABŞ və İsrail uzun illər birgə fəaliyyət göstəriblər. Suriya rejiminin dəyişdirilməsi məsələsi də daxil olmaqla, bir çox prosesdə bu üçlük birgə hərəkət edib.
Mənim üçün müəmmalı olan odur ki, bu əməkdaşlıq fonunda qəfildən Türkiyə və İsrail arasında ciddi diplomatik gərginlik yaranır və maraqlıdır ki, bu məsələlərin müzakirəsi üçün tərəflər Bakıya gəlirlər. Halbuki Türkiyə İsraili tanıyan ilk müsəlman dövlətdir (əgər səhv etmirəmsə, 1953-cü ildən etibarən) və uzun müddət yaxşı münasibətlər mövcud olub.
2020-ci ilin dekabrında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə İsrailin kəşfiyyat xidməti MOSAD arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Bu razılaşma çərçivəsində İraqdakı casus şəbəkələrinin ifşası və Suriyadakı proseslərin idarəsində əməkdaşlıq baş verib.
Diplomatik gərginliklərə baxmayaraq, prezidentlər səviyyəsində sərt bəyanatlar verilsə də (xatırlayırsınızsa, bir dövr Ərdoğanla Netanyahu arasında qarşılıqlı tənqidlər olmuşdu), bu gərginliklərin arxasında reallığın fərqli ola biləcəyi ehtimalını istisna etmirəm. Yəni, bu gərginlik daha çox ictimaiyyət üçün nəzərdə tutulmuş mətbuat kampaniyası da ola bilər. Çünki son iki həftədə Suriyadakı bəzi əməliyyatlarda Türkiyə və İsrail yenidən birgə fəaliyyət göstərib."