NATO-nun baş katibi Mark Rutte bildirib ki, qarşıdakı iki həftə Ukraynadakı münaqişə kontekstində vəziyyəti yaxşılaşdırmaq üçün imkanlar yaradacaq. Xarici KİV-in yaydığı məlumata görə, o, İstanbulda keçiriləcək danışıqları şərh edib.
"Düşünürəm ki, bu həftə, həm də növbəti 10 gün, iki həftə ərzində Ukraynada vəziyyəti həqiqətən yaxşılaşdırmaq üçün bir fürsət var. Təbii ki, bu, prezident Zelenskinin rəhbərliyi altında, həm də Amerika hökumətinin böyük təsiri altında baş verəcək və Türkiyə burada böyük rol oynayır", - Rutte bildirib.
O, əvvəlki fikrini bir daha təkrar edərək deyib ki, “Ukraynanın NATO-ya üzvlük yolu dönməzdir”. Lakin hərbi blok “heç vaxt Ukraynaya və ya başqa heç kimə NATO üzvlüyünün sülh sazişinin bir hissəsi kimi danışıqlar masasında olacağına söz verməyib”.
Bu gün Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Tarixi görüşdə ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir.
Bir gün əvvəl Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamışdı. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural