İstanbul görüşündə nələr müzakirə olunacaq? - "WSJ” detalları yaydı

İstanbul görüşündə nələr müzakirə olunacaq? - "WSJ” detalları yaydı
11:45

Ukrayna nümayəndələri İstanbulda Rusiya tərəfi ilə yalnız ABŞ administrasiyasının təklif etdiyi qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçiriləcəyini və monitorinqi müzakirə etmək üçün görüşəcəklər. Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.


Nəşr qeyd edib ki, ABŞ-nin yüksək rütbəli məmurları da İstanbula yollanırlar. Lakin onların kimlə və nə vaxt görüşəcəyi hələlik bəlli deyil.


Sülh sazişinə gəlincə, Ukrayna və Rusiyanın “rəqabət edən prioritetləri” bu prosesi yalnız uzaq bir ehtimala çevirir. Çünki hər iki tərəf son məqsədlərindən əl çəkmədən irəliləməyə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar.

Qeyd olunur ki, Rusiya rəhbəri Vladimir Putin qoşunlarının aşağı templə irəliləməsinə baxmayaraq, hələ də mahiyyətcə Ukraynanın təslim olmasını istəyir. Onlar son iki ildə Ukrayna ərazisinin cəmi 1%-dən bir qədər az hissəsini ələ keçiriblər. Bunun qarşılığında isə şəxsi heyət və texnika baxımından böyük itkilər veriblər.

Nəşr xatırladıb ki, 2022-ci ildə baş tutmuş ilk İstanbul danışıqları “Ukraynanın zərərsizləşdirilməsini” nəzərdə tutan sənəd layihəsinin ortaya qoyulması ilə yekunlaşmışdı və Ukrayna prezidenti Vladimir Zelenski bunu heç vaxt təsdiq etmədi. Bu layihəyə həmçinin xarici hərbi yardıma qadağa, Ukrayna qoşunlarının sayının kəskin şəkildə azaldılması və Ukraynanın suverenliyinə dair bir sıra digər məhdudiyyətlər daxil idi.

Məqalədə deyilir ki, çox güman ki, Rusiya İstanbul danışıqları zamanı bu şərtləri yenidən irəli sürəcək. Lakin Kiyev və onun avropalı müttəfiqləri bu təflikləri rədd edəcəklər.

Qeyd edək ki, bu gün Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar planlaşdırılır. Tarixi görüşdə ABŞ-dan da nümayəndələrin iştirakı gözlənilir.

Bir gün əvvəl isə Kreml Rusiya nümayəndə heyətinin tərkibini açıqlamışdı. Heyətə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada