“Ermənistan tərəfindən Azərbaycana qarşı elə bir həftə, elə bir ay yoxdur ki, hansısa təxribat həyata keçirilməsin. Son dövrlərdə bu təxribatların müəyyən hissəsində təkcə Ermənistan rəsmiləri deyil, eyni zamanda Avropa İttifaqının bölgədəki müşahidə missiyası da iştirak edir.”
Bu fikirləri News365.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
Onun sözlərinə görə, həmin müşahidə missiyası Ermənistanda yerləşən bəzi ölkələrin diplomatik nümayəndəlikləri və səfirlikləri ilə aktiv əməkdaşlıq şəraitində fəaliyyət göstərir:
“Onlar bu əməkdaşlıq vasitəsilə bölgədəki mövcudluqlarının zəruri olduğunu sübut etməyə çalışırlar. Bunu göstərmək üçün isə bölgədə mütəmadi olaraq vəziyyətin gərgin olduğunu imitasiya etməyə çalışırlar. Bununla da süni gərginlik yaradaraq, Ermənistan tərəfinin təqdim etdiyi materiallarla qeydlər aparırlar. Bu qeydlər isə birbaşa Avropa İttifaqının müvafiq strukturlarına ötürülür.”
Ekspert bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti dəfələrlə bu fəaliyyətlərlə bağlı məlumat və vizual görüntülər təqdim edib:
“Avropa İttifaqı müşahidəçiləri Azərbaycanın müxtəlif istiqamətlərində patrul xidmətləri həyata keçirir, müşahidələr aparırlar. Onlar bu yolla Ermənistanın təqdim etdiyi ‘təhlükə’ ssenarisini təsdiqləməyə çalışırlar.”
Üzeyr Cəfərov həmçinin Prezident İlham Əliyevin Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə son görüşünə toxunub:
“Bu görüşdə iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığından danışıldı. Xüsusən də PKK-nın silahı yerə qoyması ilə bağlı əldə olunan uğurlar Azərbaycan tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda Yaşar Güler də bu qırx illik mübarizənin nəticəsində əldə olunan böyük tarixi nailiyyətlərdən danışdı.”