Əgər dünyanın ən sakit, ən zəngin və ən yaşamalı ölkəsini axtarırsansa, doğru yerdəsən! Bugünkü verilişimizdə səni Norveçin sirli dağ yolları, pulsuz təhsil sistemi və insanı heyrətə salan həyat tərzi ilə tanış edəcəyik. Bəs görəsən, bu ölkədə yaşamaq doğrudanmı cənnət kimidir? Gəlin birlikdə kəşf edək!
Dünyanın səs-küyündən və xaos mühitindən uzaq, siyasi intriqaların çox az baş verdiyi, iqtisadi gəlirlərinizin dünya standartlarından yüksək olduğu, ümumilikdə xoşbəxtlik və sakitliyin hökm sürdüyü bir ölkənin xəyalını hansımız qurmuruq ki? Məhz Norveç belə bir yerdir. Əhalisi bizim yaşadığımız coğrafiya ilə müqayisədə xeyli az olan Norveç, möhtəşəm memarlığı və qeyri-adi qanunları ilə də ön plana çıxır. Gəlin Norveçə daha yaxından baxaq və doğrudanmı xəyali bir ölkə olub-olmadığını birlikdə araşdıraq.
Hazırda dünyanın bir çox ölkəsində gündəlik iş saatları 8-dən 12-yə qədər dəyişdiyi halda, Norveçdə orta iş vaxtının cəmi 6 saat olduğunu bilirdinizmi? Bəli, düz eşitdiniz, bu, doğrudur. Norveç qanunları bir ölkənin inkişaf səviyyəsinin yüksək sənaye fəaliyyəti və uzun, yorucu iş saatları ilə müəyyən olunmasını uyğun hesab etmir və mövcud dünya nizamına demək olar ki, qarşı çıxır. Onlar həm fiziki, həm də ruhi baxımdan sağlam olan, bu səbəbdən də xoşbəxt yaşayan bir cəmiyyəti, insanı hərtərəfli tükədən ağır sənaye fəaliyyətlərinə üstün tuturlar. Buna görə də ən böyük sakitlik mənbəyi olan təbiəti qoruyur və turizm naminə tikinti üçün açmırlar. İş saatlarını minimuma endirdikləri kimi, xalqına yüksək maaş imkanları da təqdim edirlər.
Məhz bu səbəbdəndir ki, insanlar bir-birini aldatmağı heç vaxt düşünmürlər. Hətta istifadə etmədikləri dəyərli əşyaları Asiya və Avropadakı ehtiyac sahiblərinə göndərirlər. Nəticə etibarilə Norveç hökuməti vətəndaşlarının ailələri və dostları ilə daha çox vaxt keçirmələrini, şəxsi hobbilərinə daha çox vaxt ayırmalarını hədəfləyir. Beləliklə, sağlam və xoşbəxt düşüncəli insanlar yetişmiş olurlar. Hətta bu vəziyyəti o qədər irəli aparıblar ki, dünyada həbsxanaların məqsədi cəzalandırma və məhkumları cəmiyyətdən uzaqlaşdırmaq olduğu halda, Norveçdə isə qanunlar, cəza çəkən insanları həyata yenidən qazandırmaq və eyni cinayəti təkrar etməmələri üçün onlara geniş imkanlar təqdim etməyə yönəlib. Əgər araşdırsanız, Norveçdə həbsxanadan çıxıb yenidən cinayət törədən insan sayının demək olar ki, yox səviyyəsində olduğunu özünüz də görə bilərsiniz. Məsələn, məhkumların hər birinə limitsiz internet verilir və otel səviyyəsində şəxsi otaqlarda qalırlar. Darıxanda kofe hazırlayıb söhbət edə biləcəkləri bir oturma otaqları da var. Hətta içində alış-veriş edə biləcəkləri bir supermarket belə mövcuddur.
Həbsxanalarda avtomobil təmiri, dülgərlik, elektronika, aşpazlıq kimi peşələr öyrədilir və azadlığa çıxdıqda iş tapa biləcəkləri bacarıqlar qazanmış olurlar. Memarlığını təbiətlə vəhdətdə olan, rəngarəng və kiçik tikililərlə özəlləşdirən Norveçdə gözəl mənzərəli evlərdə yaşamaq üçün digər ölkələrdə olduğu kimi əmlakçılara böyük pullar ödəməyiniz, başqa sözlə, onları zəngin etməyiniz tələb olunmur. Çünki norveçlilər yaşayış yerlərini təbiətlə vəhdət təşkil edən ərazilərdə tikirlər.
Üstəlik, malik olduqları təbiəti çox yaxşı qoruduqları üçün ölkənin harasında yaşamağınızdan asılı olmayaraq sizi tertəmiz bir mühit qarşılayır. Yollar da təbiətin pozulmaması məqsədilə əsasən tunel və körpülərlə inşa edilir. Əhali az olduğuna görə demək olar ki, tıxac problemi yaşanmır və nəhəng otellərin tikilməsinə əsla müsbət yanaşılmır. Onun əvəzinə, ticarət məqsədli kiçik yerlər tikmək daha uyğun görülür. Bu baxış bucağı sayəsində nağıllardakı kimi bir cənnət yaradılıb.
Bəs Azərbaycandan Norveçə necə getmək olar? Gəlin buna nəzər salaq. Norveç Şengen zonasına daxil olan ölkələrdən biridir. Buna görə də Azərbaycan vətəndaşları bu ölkəyə səfər etmək üçün Şengen vizası almalıdır. Ərizə sənədləri Bakıdakı VFS Global Norveç Viza Mərkəzində təqdim olunur. Bakıdan Norveçin paytaxtı Osloya birbaşa reyslər mövcud deyil. Lakin bir və ya iki dəfə transferlə Avropanın müxtəlif şəhərləri üzərindən uçuşlar həyata keçirilir. Ortalama qiymət gediş dönüş 550 manatdan vaşlayır. biletin alinma tarixinə, bagaj seçiminə və transfer sayına görə bu qiymət 1300 manata kimi dəyişə bilir. Ucuz bilet üçün ən azı 2-3 həftə əvvəl rezervasiya tövsiyə olunur.
Norveçə getsəniz, heyvanlara qarşı xüsusi gəssaslıqla yanaşın. Çünki bu ölkədə heyvan hüquqları da ön planda tutulur. Məsələn, heyvanlarınızı öz istəyinizə görə qısırlaşdıra bilməzsiniz və onlara yaxşı baxdığınıza dair dövlət tərəfindən mütəmadi yoxlamalara məruz qalırsınız. Təbiətdəki vəhşi heyvanlar insanları qorxulu bir varlıq kimi görmür, əksinə, təbiəti insanlarla paylaşmaqdan zövq alırlar. Əgər onlara ov etməyə çalışsanız, ciddi həbs cəzaları ala bilərsiniz.
Digər tərəfdən, Norveçdə insanlar əylənmək üçün ticarət mərkəzlərinə qaçmır və ya evə qapanıb oyun oynamağı seçmirlər. Çünki özləri üçün yaratdıqları nağıllar aləmi onların ən böyük əyləncəsidir. Göllərdə su idmanları ilə məşğul olmağı, dağçılıqla maraqlanmağı, insanlardan uzaqlaşıb təbiət gəzintilərinə çıxmağı və orada düşərgə qurmağı həyatlarının ayrılmaz hissəsinə çeviriblər.
Bunu edərkən isə təbiətin vizual möcüzəsi olan şimal işıqlarını izləmək imkanı əldə edirlər. Bildiyiniz kimi, bu işıqlar dünyanın maqnit sahəsi ilə göy üzündəki yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində meydana gəlir. Təkcə bu səbəbdən belə, Norveçə milyonlarla turist səfər edir.
Norveç eyni zamanda qış idmanları ilə də ön plandadır. Dövlət demək olar ki, bütün yaşayış məntəqələrində xizək mərkəzləri açaraq insanlara xidmət göstərir. Yayda isə bu soyuq cənnət dənizlərə girməyə əlverişli hala gəlir və insanlar özlərini əl dəyməmiş, təmiz sularda üzməyə buraxırlar. Əgər Norveç vətəndaşısınızsa və hər hansı bir bacarığınızın olduğunu düşünürsünüzsə, önə çıxmaq üçün məşhur olmağınıza və ya televiziya proqramlarına qatılmağınıza ehtiyac yoxdur. Dövlət istənilən sahədə məhsuldarlıq göstərən hər kəsə maddi dəstək və təşviqlər təqdim edir. Bununla kifayətlənməyib, sizin reklamınızı ictimai qurumlar vasitəsilə aparır. Məktəblərə isə heç bir halda ödəniş etmirsiniz. Hətta başqa bir ölkənin vətəndaşı olsanız belə, Norveç universitetlərində bütün imkanlardan pulsuz istifadə edə bilərsiniz.
Bu gün Norveç kimi inkişaf etmiş cəmiyyətlər demokratiya ilə idarə olunur. Seçmək və seçilmək hüququ ölkə vətəndaşlarına aiddir. Lakin keçmişdən qalan ənənələr səbəbilə bu cür ölkələrdə hələ də monarxiya izləri var. Əlbəttə ki, söz sahibi parlamentdir və monarxik sistem yalnız simvolik xarakter daşıyır. Kral ailələri heç bir halda məhdudiyyətsiz hüquq və səlahiyyətlərə sahib deyillər. Qanun qarşısında heç kimin başqasına üstünlüyü yoxdur.
Norveç xalqı, Amerika və Orta Şərq ölkələri ilə müqayisədə çox da dindar deyil. Bunu çox dilə gətirməsələr də, əksər hallarda özlərini ateist kimi təqdim edirlər. Hökumət isə inanc və dini azadlığa əsaslanır və buna dair heç bir təzyiq siyasəti yürütmür. Hətta ölkədə müxtəlif dinlərə aid dərnəklər və fondlar fəaliyyət göstərir, dövlət isə fərqli inanca sahib insanlar üçün məktəblər belə açıb. Bu gün bir çox ölkə Avropa İttifaqına daxil olmaq üçün çalışdığı halda, Norveç hökuməti mövcud həyat keyfiyyətlərini Avropadan üstün görmüş və bu birliyə qoşulmaqdan imtina etmişdir. Bu qərar da xalqın iştirakı ilə keçirilən referendum nəticəsində verilmişdir.
Ölkədə diqqət çəkən əsas məşğuliyyətlərdən biri də balıqçılıqdır. Balıqçı daxmaları belə xüsusi zövqlə inşa edilir və gözoxşayan şəkildə hazırlanır. Bu tikililərin və kənd evlərinin damları torpaqla örtülərək təbii bir izolyasiya təmin olunur. Bu səbəbdən bəzi evlərin üstündə bitkilər də yetişir.
Son olaraq, əgər ailə daxilində zorakılığa məruz qalsanız, Norveç hökuməti sizi təhlükəsizliyə alır və siz istəməsəniz belə genişmiqyaslı araşdırmaya başlayır. Bütün bu nəticələri nəzərə aldıqda, hüququn üstün olduğu və təbiətin möhtəşəm nemətlərini özündə cəmləyən bu ölkəyə "yer üzündəki cənnət" demək, məncə, əsla mübaliğə olmaz.
Kamal Hüseynli