“Türkiyə tərəfləri masaya gətirmək üçün ciddi səylər göstərir”- Politoloq

“Türkiyə tərəfləri masaya gətirmək üçün ciddi səylər göstərir”- Politoloq
27 May 2025 13:17

“Türkiyə tərəfləri masaya gətirmək üçün ciddi səylər göstərir”

Türkiyə Ukrayna-Rusiya müharibəsində atəşkəsin əldə olunması üçün tərəfləri danışıqlar masasına gətirməyə davam edir.

Bu barədə politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər nə qədər bu prosesin indiki şəraitdə çətin görünsə də, Türkiyə sülhün əldə olunması üçün əlindən gələni edir:

"İmzalanması nəzərdə tutulan atəşkəs sənədi çətin görünür, lakin Türkiyə hər vəchlə çalışır ki, ilkin mərhələdə tərəflər arasında atəşkəs əldə olunsun. Bu günə qədər tərəfləri danışıqlar masasına ən çox gətirən ölkə məhz Türkiyədir və bu baxımdan onun diplomatik imkanları kifayət qədər genişdir," – deyə o bildirib.

Zahidov həmçinin qeyd edib ki, atəşkəs imzalanmasa belə, Türkiyə əsir mübadiləsinin baş tutması və Qara dənizdə təhlükəsiz naviqasiya məsələlərində də fəallığını davam etdirə bilər:
"Müharibə başlayandan Ukraynanın limanlarından dünyaya ərzaq daşınması ilə bağlı problemlər yaranmışdı. Türkiyə bu məsələdə mühüm vasitəçi olmuşdu. Bir müddət sonra bu təşəbbüs dayandırılsa da, indi Türkiyə yenidən bu istiqamətdə irəliləyiş əldə etməyə çalışır," – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqı da bu məsələdə müəyyən razılaşmalar əldə etsə də, həmin razılaşmalar hələ də tam şəkildə reallaşmayıb.

Sultan Zahidovun fikrincə, Türkiyənin həm Qara dənizdə təhlükəsizliyin təmin olunması, həm də əsir mübadiləsi və atəşkəsə dair razılaşmaların əldə edilməsi istiqamətində səyləri davam edir. Lakin problemin əsas tərəfi tərəflərin sülhə nə dərəcədə hazır olmasındadır:

"Təəssüf ki, son günlər Ukraynanın müxtəlif şəhərlərinə dron hücumları davam edir. Xüsusilə 25-nə keçən gecə baş verən hücum müharibə boyunca ən böyük dron hücumlarından biri kimi yadda qaldı. Nəticədə 13 mülki şəxs həlak olub," – deyə Zahidov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada