Bu gün — 29 may — təqvimdə sadə görünə bilər. Amma tariximizdə həm qürur, həm də kədər izləri daşıyan günlərdəndir.
1453-cü il – Osmanlı sultanı II Mehmet Konstantinopolu fəth edərək bir imperiyanı bitirdi, yeni bir dövrü – türk-islam əsrini başlatdı. İstanbulun fəthi sadəcə coğrafi zəfər deyil, mədəni və tarixi dönüş nöqtəsi idi. O gündən etibarən “İslambol” adlanan bu şəhər, türk dünyasının simvollarından birinə çevrildi.
Amma eyni tarixdə – başqa bir səhifədə – İrəvan əldən çıxdı. Qədim türk torpağı, Azərbaycan yurdu olan bu şəhər artıq “Yerevan” adlanmağa başladı. Bir tərəfdə zəfər səsi, digər tərəfdə isə unudulmayan bir həsrət.
29 may – millət yaddaşında iki əks duyğunu birləşdirən gündür: Fəxr və fəryad. İstanbul gücümüzü xatırladırsa, İrəvan itkilərimizə şahidlik edir. Lakin bu tarix bizə bir dərs verir: Fəth etdiyini qoruya bilməyən, itirmək məcburiyyətində qalır.
Zaman dəyişsə də, yaddaş qalıb. Biz unutmamışıq – nə İrəvanı, nə Göyçəni, nə Zəngəzuru. Bu torpaqlar sadəcə coğrafiya deyil, milli kimliyimizin parçasıdır.
Və 2020-ci ildə — 44 günlük Vətən müharibəsində — biz bir daha sübut etdik: Biz yalnız döyüşən xalq deyil, yenidən dirilən millətik. Tarixin təkəri dönür, və bu dəfə onu biz yönəldirik.
İstanbul bizə “bacararsan” deyir. İrəvan isə “unutma”...
Politoloq Turan Rzayev