Azərbaycanda yay mövsümünün gəlişi ilə tikinti sektorunda canlanma yaransa da, fərdi ev tikən və ya təmir edən vətəndaşlar xoşagəlməz sürprizlə qarşılaşıblar. Son aylarda taxta və ondan hazırlanan tikinti materiallarının qiymətində kəskin artım qeydə alınır.
Məsələn, cəmi 3 ay əvvəl 23 manata satılan 15-lik faner (dikt) hazırda bazarda 25 manata təklif olunur. Bənzər şəkildə, döşəməaltı tirlərin ("laqa") qiyməti də 1.75 manatdan 2.20 manata yüksəlib. Pərakəndə satıcılar bu artımın birbaşa topdansatış mərkəzlərindən qaynaqlandığını bildirsələr də, problemin kökü daha dərindir.
Məsələ ilə bağlı News365.az-a özəl açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov taxta bazarındakı bahalaşmanı bir neçə əsas amillə əlaqələndirib:
İdxal asılılığı və qlobal faktorlar: Azərbaycan taxta materialını əsasən xaricdən idxal edir. Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü ilə qədəm qoyması logistikanı çətinləşdirib və idxal qiymətlərini pik həddə çatdırıb.
Gömrük rüsumları və inhisarçılıq: Ölkəyə gətirilən məhsullara tətbiq edilən gömrük xərcləri ilə yanaşı, bazardakı gizli inhisarçılıq (monopoliya) və sahibkarların öz aralarında razılaşdırılmış qiymət siyasəti də qiymətləri süni şəkildə yuxarı saxlayır.
Mövsümi tələbat: Yaz və yay aylarında tikinti işlərinin geniş vüsət alması materiallara olan tələbatı maksimuma çatdırır ki, bu da fürsətçilər üçün göydəndüşmə imkan yaradır.
Ekspert qeyd edib ki, dünya birjasında inşaat materiallarının qiymətində hər hansı qeyri-adi sıçrayış müşahidə olunmur. Yerli bazardakı xaotik qiymət artımının əsas səbəbi daxili nəzarətin zəif olmasıdır:
"Taxta bazarında şəffaf uçot sisteminin olmaması qiymətlərin tamamilə nəzarətdən çıxmasına və volatilliyə (oynaqlığa) şərait yaradır. Bizim bazarlarda təəssüf ki, sahibkarlıq məsuliyyəti yoxdur. Qiymətlər kortəbii şəkildə artırılır. Tacirlər yaxşı bilirlər ki, mövsümdür, alıcının alternativ variantı yoxdur və o, bu məhsulu mütləq almalıdır. Nəticədə hər gün qiymətlərin üzərinə səssizcə 5-10 qəpik qoyulur və bu 'damla-damla' artım sonda böyük bir süni bahalaşma dalğasına çevrilir. Həmişə olduğu kimi, bu vəziyyətdə də ən böyük zərbə sıravi vətəndaşın cibinə dəyir."