ABŞ-ın Alabama ştatında, sevgilisini boğaraq öldürən şəxs onun cəsədini meşəlik ərazidə gizlətməyə çalışarkən elə hadisə yerindəcə ürəktutmasından ölüb.
47 yaşlı Cessika Folds (Jessica Folds) və onun sevgilisi, 44 yaşlı Daniel Robbinsin (Daniel Robbins) cəsədləri Lanett şəhərinin yaxınlığındakı meşəlik ərazidə yol kənarındakı kolların arasında bir-birinin yanında tapılıb.
Aparılan autopsiya (meyidin yarılması) nəticələri Cessika Foldsun boğularaq qətlə yetirildiyini sübut edib. İstintaq qrupunun gəldiyi yekun rəyə əsasən, Daniel Robbins sevgilisini naməlum səbəbdən öldürdükdən sonra izi itirmək üçün onun cəsədini meşəyə daşıyıb. Lakin elə bu proses zamanı o, qəfil və ölümcül ürəktutması keçirib.
Qatilin keçmiş həyat yoldaşı da müstəntiqlərə onun əvvəllər də ciddi ürək xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.
Hazırda Alabama Hüquq-Mühafizə Orqanları Agentliyi, yerli şerif ofisi və FTB (Federal Təhqiqat Bürosu) ilə birlikdə hadisənin tam təfərrüatlarını araşdırmağa davam edir.