Çimərlik mövsümü öncəsi dəniz suyu yoxlanılır – Bu ərazilər nəzarətə götürüldü

Çimərlik mövsümü öncəsi dəniz suyu yoxlanılır – Bu ərazilər nəzarətə götürüldü
11:44

Azərbaycanda yaz-yay mövsümünün gəlişi ilə əlaqədar olaraq əhalinin ən çox üz tutduğu çimərlik sahələrində irimiqyaslı yoxlamalara başlanılıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ölkənin bütün şəhər və rayonlarındakı çimərliklərdə ciddi sanitariya və dəniz suyunun keyfiyyəti üzrə monitorinqlər həyata keçirilir.

Mövzu ilə bağlı News365.az-a açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov çimərliklərdəki mövcud vəziyyət və laborator yoxlamaların detallarını bölüşüb.

Sahil zolaqları və sanitariya zonaları diqqətdədir

Mütəxəssis bildirib ki, hazırda aparılan monitorinqlərin əsas məqsədi vətəndaşların yay aylarında təhlükəsiz istirahətini təmin etməkdir:

"Yoxlamalar zamanı çimərliklərin ümumi sanitariya vəziyyəti, sahilyanı zolaqların təmizliyi, məişət tullantılarının vaxtında yığılaraq ərazidən uzaqlaşdırılması, eləcə də sanitariya mühafizə zonalarının vəziyyəti incəliyinə qədər qiymətləndirilir".

Dəniz suyundan nümunələr götürülür: Analizlər necə aparılır?

Ziyəddin Kazımov qeyd edib ki, təmizlik işləri ilə yanaşı, dəniz suyunun tərkibi də xüsusi laboratoriyalarda yoxlanılır:

"Xüsusi olaraq müəyyən edilmiş nəzarət nöqtələrindən dəniz suyu nümunələri götürülür. Bu nümunələr qüvvədə olan rəsmi normativ sənədlərin tələblərinə uyğun şəkildə toplanır və mərkəzimizin laboratoriyalarında fiziki-kimyəvi, həmçinin mikrobioloji göstəricilər üzrə ciddi analizlərdən keçirilir".

Kimyəvi tərkib və epidemioloji təhlükəsizlik

Həkim-gigiyenistin sözlərinə görə, laborator tədqiqatların nəticələri dəniz suyunun insanlar üçün nə dərəcədə təhlükəsiz olduğunu ortaya qoyacaq:

"Analizlər vasitəsilə dəniz suyunun kimyəvi tərkibi, mikrobioloji çirklənmə dərəcəsi və epidemioloji təhlükəsizlik göstəriciləri dəqiqləşdirilir. Əldə olunan rəqəmlər mövcud dövlət standartları ilə müqayisə edilir və suyun çimmək üçün yararlı olub-olmaması barədə yekun rəy verilir".

Mərkəz rəsmisi onu da əlavə edib ki, monitorinqlər zamanı hər hansı bir normadan kənarlaşma və ya çirklənmə faktı qeydə alınarsa, dərhal onun səbəbləri araşdırılacaq və qabaqlayıcı epidemioloji tədbirlər görüləcək.


Sizin reklam burada
Sizin reklam burada