Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutub və itkin düşmüş şəxslər probleminin həllinin Cənubi Qafqazda sülhün və etimadın möhkəmləndirilməsi prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib.
Bu barədə xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov Bakıda itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığı tələb edir. Hər bir itkin ailəsinin öz faciəsi var. İtkin düşmüş şəxslər məsələsi qlobal humanitar gündəliyin prioritet mövzusudur", — deyə E.Məmmədov qeyd edib.
Nazir müavini həmçinin diqqətə çatdırıb ki, 2020-ci ilin noyabr ayından bəri Azərbaycan döyüş meydanında tapılan 2000-dən çox erməni hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib.