Tibb müəssisələrində tibbi tullantıların düzgün toplanması və idarə olunması müəssisə rəhbərliyinin təyin etdiyi məsul şəxsin nəzarəti altında həyata keçirilir.
News365.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova danışıb.
O bildirib ki, təyin olunmuş məsul şəxs tibbi tullantılara gündəlik nəzarət etməli, onların toplanması və utilizasiyası qaydalarını dərindən bilməli, təhlükəli tullantılarla işləmə sahəsində xüsusi təlimlər keçməli və bunu təsdiqləyən sənədə malik olmalıdır.
Sevda Talıbovanın sözlərinə görə, tibb müəssisəsinin əməkdaşlarına tullantılarla təhlükəsiz davranış qaydalarının öyrədilməsi də məhz bu məsul şəxsin vəzifələrinə daxildir. Eyni zamanda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tibb müəssisələrində cavabdeh şəxslərin maarifləndirilməsi, mütəmadi təlimlərin təşkili və nəzarət mexanizmlərinin tətbiqi istiqamətində fəaliyyət göstərir.
Qeyd olunub ki, tibbi tullantılar şöbə və bölmələr üzrə çəkilərək xüsusi tərəzilər vasitəsilə ölçülür, nəticələr müvafiq qaydada qeydiyyata alınır. Daha sonra müəssisə üzrə təyin edilmiş məsul şəxs bu tullantıların şöbə və bölmələrdən çıxarılmasına, ümumi həcmin hesablanmasına və müqavilə əsasında fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərə təhvil verilməsinin sənədləşdirilməsinə nəzarət edir. Bu proses tibbi tullantıların təhlükəsiz idarə olunmasının əsas şərtlərindən biri kimi qiymətləndirilir.