Teatrdan Mehriban Xanlarovaya CAVAB - TƏSSÜF Kİ,..

Teatrdan Mehriban Xanlarovaya CAVAB - TƏSSÜF Kİ,..
07 Mar 2025 11:46

Əməkdar artist Mehriban Xanlarova bir neçə gün öncə verdiyi müsahibədə Milli Dram Teatrındakı tamaşalara başqa teatrlardan aktrisa gətirilməsinə narazılığını bildirib. Sənətçi teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin bu addımının onu incitdiyini dilə gətirib. 

“Mənim hazırda teatrla, Mehriban Ələkbərzadə ilə bağlı heç bir problemim yoxdur. Onun mənə hörməti var, mənim də ona. Ancaq məni incidən bir məsələ var. Mən 1998-ci ildən bu teatrda işləyirəm. Mənə yer eləyən kənar teatrlardan aktrisa dəvət olunmağıdır. Bizdə hər yaşdan kifayət qədər peşəkar aktrisa var. Niyə kənardan kimsə çağırılmalıdır? İsrafil İsrafilovun vaxtında kənardan heç kim çağırılmırdı. İndi niyə çağırırlar? Şəxsən mən heç kimdən əskik aktrisa deyiləm. Bu, haqsızlıqdır”, - o, "Kulis.az"a deyib.

News365.az xəbər verir ki, aktrisanın bu etirazı ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı açıqlama yayıb.

Açıqlamada ki, yaranan narazılığa səbəb aktrisa Günəş Tekinin teatra dəvəti olub: “Martın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru - Akademik Milli Dram Teatrının Bədii rəhbəri Mehriban Ələkbərzadə Ağabəyim ağa rolu üçün gənc və istedadlı aktrisa Günəş Tekini dəvət edib. 

Tamaşanın hazırlanması ilə bağlı əmr kollektivə elan olunandan sonra əməkdar artist Mehriban Xanlarova müsahibəsində bu faktla bağlı etirazını bildirib. Daha sonra teatrın digər aktyorları - Xalq artisti Əli Nur və əməkdar artist Münəvvər Əliyeva sosial şəbəkə hesablarında və saytlarda öz etirazlarını bidiriblər.

Bu gün Akademik Milli Dram Teatrı bir neçə istiqamətdə öz strategiyasını və yaradıcı hədəfini müəyyənləşdirib. Bura teatr irsinin qorunması, beynəlxalq əlaqələrin genişlənməsi, müasir tamaşaçı tələbinə cavab verən repertuar planının tərtibi, gənc, perspektivli və istedadlı aktyorların truppaya cəlb olunması və s. daxildir.

Son iki ildə teatr ciddi uğurlara imza atıb. Aleksandrinski Teatrında "İblis və..." tamaşasının premyerası keçirilib. Bu, Azərbaycan teatr tarixində olmayan hadisədir. Belarus və Gürcüstan milli teatrları ilə Memorandum imzalanıb. 2025-ci il ərzində hər iki ölkəyə qastrol səfərləri olacaq”. 

Açıqlamada o da qeyd edilib ki, Günəş Tekin dəvətli aktrisa hesab olunmur, o, artıq Akademik Milli Dram Teatrının əməkdaşıdır. Vurğulanıb ki, teatr adıçəkilən aktyorların etirazlarını onların söz haqqı kimi normal qarşılayır, buna hörmətlə yanaşır: “Amma təəssüf ki, hansı tərəfdən baxsaq, bu, yaşlı nəslin gənc nəslə olan haqsız və yanlış qısqanclığıdır. Amma arzu edərdik ki, bu etirazı və qısqanclığı doğru olmayan üslubda və leksikonda konkret şəxsə - teatrın Bədii rəhbəri Mehriban Ələkbərzadəyə yönəltməkdənsə, teatrımızın müxtəlif istiqamətlərdə qazandığı uğurlara dəstək verib, təbliğ edib onlayn və sosial medianın gündəmini məhz bu işlərlə məşğul etsinlər”.



Sizin reklam burada
Sizin reklam burada