8 Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb
Müstəqillikdən bəri ölkənin təhlükəsizliyini
və suverenliyini təmin etmək üçün ordu quruculuğunda məqsədyönlü və prinsipial
siyasət həyata keçirilib. Ordunun silahlanması, texniki avadanlıqların
modernləşdirilməsi və müasir döyüş taktikalarının tətbiqi ilə bağlı ciddi
addımlar atılıb. Azərbaycanın ordusu, beynəlxalq standartlara
uyğunlaşdırılmaqla yanaşı, ən son texnologiyaları tətbiq edib. Orduda ixtisaslı
və peşəkar kadrların hazırlanması prioritetdir. Bu məqsədlə müxtəlif təlimlər,
kurslar və beynəlxalq əməkdaşlıq proqramları həyata keçirilib. Hərbi
infrastrukturun inkişafı, o cümlədən bazaların modernləşdirilməsi, logistika
sistemlərinin gücləndirilməsi və müvafiq təchizatların təmin edilməsi
istiqamətində işlər aparılıb. Azərbaycan, NATO, GUAM və digər beynəlxalq
təşkilatlarla əməkdaşlığı gücləndirərək, beynəlxalq təhlükəsizlik sisteminə
inteqrasiya edir. İlham Əliyev, Azərbaycanın beynəlxalq təhlükəsizlik
təşkilatları ilə, xüsusilə NATO ilə əməkdaşlığını genişləndirib. Bu, ordunun
müasir standartlara uyğunlaşmasına və beynəlxalq təcrübədən faydalanmasına
şərait yaradır. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət
siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında
prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordunun
gücləndirilməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi üçün cəmiyyətdə müvafiq
maarifləndirmə tədbirləri həyata keçirilir. Vətənpərvərlik ruhunun
yüksəldilməsi üçün cəmiyyətdə geniş maarifləndirmə kampaniyaları aparılır.
Ordunun əhəmiyyəti və vətənə xidmət anlayışı gənc nəsil arasında təşviq olunur.
Azərbaycanın strateji maraqlarını qorumaq
məqsədilə effektiv təhlükəsizlik strategiyaları hazırlanır və icra olunur.
Prezident, kadrların hazırlanması üçün müxtəlif proqramlar həyata keçirir və
hərbi akademiyaların inkişafına xüsusi diqqət yetirir. Prezident, ordunun döyüş
hazırlığını artırmaq üçün müntəzəm təlimlər və manevrlər keçirir. Bu, ordunun
praktik döyüş təcrübəsini artırır. Ümummilli Lider Heydər Əliyevin müstəsna
xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan
Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan
Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan
Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam
üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq
keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi
sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması –
bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Məhz
bütün bunlar 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu müasir silahlar,
texnologiya və hərbi taktika ilə uğurlarını artırdı. Müharibə zamanı,
Azərbaycan ordusu hava və yer hədəflərinə dəqiq zərbələr endirərək, düşmənin
müdafiə sistemlərini təsirsiz hala gətirdi. Eyni zamanda, genişmiqyaslı piyada
hücumları ilə strateji yüksəkliklər, şəhərlər və kəndlər azad edildi. Prezident
İlham Əliyev bu haqda deyib: “Vətən müharibəsinə qədər bütün addımlarım bir
amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan
qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə
deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə
yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı
zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir”.
Ordunun
təşkilatlanması, yüksək motivasiya və müasir müharibə taktikaları da
müvəffəqiyyətin əsas faktorları arasında idi. Həmçinin, informasiya müharibəsi
və psixoloji əməliyyatlar da düşmənin əhval-ruhiyyəsinə təsir etdi.
Bu
müharibənin nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı,
regionda yeni geosiyasi reallıqların yaranmasına səbəb oldu.
44 günlük
Vətən müharibəsində Azərbaycan ordusu, göstərdiyi şücaət və fədakarlıqla tarixi
bir dönəm yaşatdı. Ordunun müasir silahlarla, taktiki hazırlıqla və yüksək
əhval-ruhiyyə ilə mübarizə aparması, onu uğurla irəliləməyə imkan verdi.
Müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusu, düşmənin müdafiə
xətləri üzərində sürətli hücumlar təşkil etdi. Bir sıra strateji yüksəkliklər
və şəhərlər, o cümlədən Şuşa, Hadrut və Füzuli, uğurla azad edildi. Bu uğurlar,
ordunun döyüş qabiliyyətinin, planlaşdırmasının və koordinasiyasının
göstəricisi oldu. Eyni zamanda, döyüşçülərin fədakarlığı, onların cəsarəti və
vətənpərvərlik ruhu, müharibənin gedişatında əhəmiyyətli rol oynadı.
Hərbiçilərin döyüş meydanında göstərdiyi igidlik, həm də xalqın birliyini,
milli ruhunu daha da gücləndirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti
hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı
qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə
təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv
etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi
məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu prinsipial
yanaşmalar, Azərbaycanın müstəqil və güclü orduya malik olmasını təmin edir,
eyni zamanda regiondakı təhlükəsizlik vəziyyətinin müsbət istiqamətdə
inkişafına töhfə verir. Bu siyasət, Azərbaycan ordusunun güclənməsinə, regionda
təhlükəsizliyin təmin olunmasına və müstəqilliyin qorunmasına yönəlib.
Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu yanaşmalar,
Azərbaycanın müasir, güclü bir orduya sahib olmasına gətirib çıxarıb.
Azərbaycan
Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya
Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi
zonasında atəşin və bütün hərbi əməliyyatların 10 noyabrda tam dayandırılması
elan olunub. Müharibə xronikasında 8 noyabrda Şuşa işğaldan azad olunub. 8
Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb. Bu,
Azərbaycan xalqına, ümumiyyətlə, dünya azərbaycanlılarına ən qürurlu gündür və
bu müharibə bir daha Azərbaycan ordusunun gücünü göstərdi. Ali Baş Komandanın
apardığı düşünülmüş siyasət, ordunun inkişafı istiqamətində atılan addımların
öz müsbət nəticəsini biz Zəfər Günündə gördük. Zəfər Günü Azərbaycan xalqı üçün
unudulmaz gündür. Bugünkü və gələcək nəsillər hər zaman bu haqda danışanda
böyük qürur hissi keçirəcək və torpaqlarımızın azadlığı yolda şəhid olan vətən
övladlarını yad edəcəklər.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel
ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi