Ali Baş Komandan İlham Əliyev: “Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”
Müstəqilliyi qazanmaqla bərabər, qorumaq da
çox çətindir. 1991-ci ildə müstəqilliyinin yenidən bərpa olunması Azərbaycan
xalqı üçün çox böyük bir nemətdir. Müstəqillik Azərbaycan xalqı üçün milli
azadlıq və dirçəlişin simvoludur. Lakin həmin dövrlərdə xalqımız bir sıra
çətinliklərlə üz-üzə qalmışdır. Bir tərəfdən hakimiyyətdaxili çəkişmələr
artmışdır. Digər tərəfdən də ermənilər daim apardıqları etnik təmizləmə
siyasətini davam etdirərək Qarabağda gərginlik yaratmışdırlar. Ümumiyyətlə,
ermənilər zaman-zaman Azərbaycan torpaqlarına qarşı göz dikiblər, azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti aparıblar. 200 ildən artıqdır ki, ermənilər bu
istiqamətdə özlərinin havadarları hesabına fəaliyyət göstəriblər.
Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də
davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək
erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı
vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər xalqımızın yaddaşında erməni
silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin
illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda,
Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on
minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları
yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi
dağıdılıb yerlə yeksan edilmişdir. Göründüyü kimi, bu illər ərzində azərbaycanlılara
qarşı çox böyük soyqırımılar, deportasiyalar olmuşdur. Bunun da acı nəticəsini,
əlbəttə ki, xalqımız görmüşdür. Ermənilərin məqsədi, regionda böyük bir
Ermənistan dövləti yaratmaq olmuşdur. Bu baxımdan onların hegemon dövlətlər də
dəstəkləmişdir və yardımlar göstərmişlər. Bu fəaliyyətə qarşı Azərbaycan
dövləti hər zaman tək olmuşdu. Heç bir dövlət ermənilərın Azərbaycana qarşı bu
separatçılıq siyasətinin qarşısının alınmasına ölkəmizə dəstək olmamışdır.
Azərbaycan tarixin bütün çağlarında bu məsələyə qarşı ermənilərlə mübarizə
aparmışdır. Ötən əsrin sonlarında ermənilər bu istiqamətdə fəaliyyətlərini daha
da aktivləşdirdilər və nəticədə 20% torpaqlarımızı işğal etdilər. 30 il ərzində
Azərbaycan dövləti, Ermənistanın separatizm siyasətini ifşa etmək üçün
beynəlxalq müstəvidə fəaliyyət göstərmişdir. Diaspor və vətəndaş cəmiyyəti də
bu mübarizəyə dəstək vermişdir. Onların Azərbaycana qarşı törətdiyi
soyqırımlarla bağlı müxtəlif tədbirlər, kampaniyalar keçirilmişdir. Amma
bununla yanaşı, Azərbaycan dövləti ordusunu gücləndirmişdir. Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan dövləti səbir nümayiş
etdirmişdir. 30 il ərzində danışıqlar aparılıb, lakin Ermənistan bu danışıqları
pozub. Danışıqlarda vasitəçilik edən ölkələr effektiv addımlar atmırdı.
Azərbaycan ordusunun möhkəmləndirilməsi müharibə şəraiti üçün vacib idi.
Torpaqlarımızın işğaldan qalması ilə
Azərbaycan dövləti heç zaman barışa bilməzdi. Bizim bütün sərhədlərimizdə
yalnız Azərbaycan bayrağının dalğalanması xalqımızın ən böyük arzusu idi və 44
günlük Vətən müharibəsində Azərbaycan şanlı Qələbə əldə edərək bu istəyinə
çatmışdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlarımızdan
qovuldu. Bu müharibə zamanı Azərbaycan ordusu bir sıra mühüm strateji
üstünlüklər əldə edərək, ərazisini bərpa etdi. Üçtərəfli bəyanatın
müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş
ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş
mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına
başlamışdır. Bir günlük antiterror əməliyyatı nəticəsində regiondakı separatçı
qurumda ləğv olundu, Xankəndi birbaşa azad olundu və bu gün Azərbaycanın bütün
sərhədlərini əsgərlərimiz qoruyur. Xankəndində böyük qürur hissi ilə Azərbaycan
bayrağının dalğalanmasını görürük və bütün bunlar hamısı Ali Baş Komandan İlham
Əliyevin düşünülmüş siyasətinin nəticəsidir: “Ona görə Qələbəyə aparan yol
müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin
yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq. Bununla paralel olaraq,
ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə
ki, bizi gücləndirirdi”. Artıq Ermənistan bu gün məğlub ölkədir və nə qədər
istəsə də revanş edə bilmir. Azərbaycanın güclü ordusu və siyasi təsiri,
Ermənistanın revanş cəhdlərini əngəlləmişdir. Baxmayaraq ki, hazırda
Ermənistana yenə də Qərb dövlətləri dəstək edirlər. Lakin Azərbaycan Cənubi
Qafqazda istər siyasi baxımdan, istər ordu baxımdan güc sahibidir. Azərbaycan
region da öz sözünü deyib və “Dəmir yığmırıq” hər zaman Ermənistana qarşı zərbə
endirməyə hazırdır.
Prezident
İlham Əliyevin imzalandığı sərəncamlarla Azərbaycan Respublikası ərazilərinin
işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və
şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş
tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə
yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan
əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və
qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər
muzeyi inşa olunur. Bu müharibədəki şücaət, Azərbaycanın tarixinə qızıl
hərflərlə yazıldı və bu döyüşçülərin xatirəsi, hər zaman əziz tutulacaq.
Ordunun qələbəsi, yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də müstəqillik,
güc və azadlıq simvoludur.
Vətən
müharibəsindəki şanlı qələbədən sonra regionda güc balansı Azərbaycan lehinə
dəyişmişdir. Hazırda Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün maksimum
səy göstərir.
Vətən müharibəsi Azərbaycan ordusunun gücünü
nümayiş etdirdi. 44 günlük Vətən müharibəsinin müsbət nəticəsi Zəfər Günü ilə
özünü göstərdi. Buna görə də 8 Noyabr-Zəfər Günü Azərbaycanın tarixində mühüm
bir gün olaraq qeyd olunur.
Gülzar İbrahimova
Avrasiya Universitetinin Elmi işlər üzrə
prorektoru,
siyasi elmlər üzrə elmlər doktoru, professor