Ukraynanın Müdafiə Nazirliyi diqqət çəkən açıqlamala yayıb. Nazirlik bəyan edib ki, 2024-cü ilin əvvəlindən Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyası Ordusunun 3179 tankını məhv edib və ya sıradan çıxarıb.
“Tank batalyonunda 31 tank olur. Yəni bu ilin 10 ayı ərzində ukraynalı müdafiəçilər işğalçıların 102 tank batalyonunu sıradan çıxarıblar”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, bu ilin mayın 12-i rusların “tankçı günü” adlandırdığı vaxtda Ukrayna bölmələri 31 tankı vurub.
“Beləliklə, bir gün ərzində Rusiya ordusu məhv edilmiş və ya sıradan çıxarılan bütöv bir tank batalyonunu itirdi”, - bəyanatda deyilir.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, bu cür itkilər Kremlin büdcəsinə azı 9 milyard ABŞ dollarına başa gələ bilər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural