Tarix kitablarında tarixi həqiqətlərdən daha çox fərdi baxışların məhsulları yazılır- Tural İrfan yazır

Tarix kitablarında tarixi həqiqətlərdən daha çox fərdi baxışların məhsulları yazılır- Tural İrfan yazır
28 Yan 2025 09:19
Tarixin öyrənilməsinin bir faydası da nəticə çıxarmaq, ibrət almaqdır. Söhbət İslam tarixindən gedirsə başqa tarixlər kimi burada da ziddiyyətli, xoşagəlməz, bəzən də uydurma mətnlərə, detallara rast gəlirik. Mötədil və müdrik üləma tarixin bu hissələri ilə lazımi şəkildə davranıb. Amma düşmən isə əksinə, bundan istifadə edərək nifaq toxumu səpib, nifrət aşılayıb.
Odur ki, İslam tarixinin faydalı, mənəviyyata, vəhdətə vəsilə olacaq hissələri bizim üçün önəm kəsb etməlidir, insanlara aşılanmalıdır. Hər kəs İslam tarixini bütövlükdə öyrənsin, lakin oradakı müəyyən ixtlalafları məkr üçün, məzhəbçilik təəssübünü artırmaq naminə, fərqli inanclar arasında nifaq salmaq üçün sui-istifadə etməsin.
Tarixin şübhəli məqamlarını, qaranlıq və naməlum hissələrini isə zaman özü proseslərin nəticəsində üzə çıxarır, sübut edir. Bir neçə əsr əvvəl yaradılmış hansısa radikal cərəyanın mahiyyətini ola bilsin tarixi cəhətdən sübut etmək mümkün olmasın, lakin nəticə: onun ideologiyası, bu günki fəaliyyət planları və fəaliyyəti tam çılpaqlığı ilə içini zahirə çıxarır, sübut edir.
Şərqin böyük sosioloqu İbn Xaldunun ifadəsincə desək, bir tarixi prosesi nəticəsini ortaya qoymayınca obyektiv qiymətləndirmək mümkün deyil.
Odur ki, tarixin ziddiyyətli, ixtilaflı detallarını, aktual olmayan, millətə, dövlətə, cəmiyyətə zərərli hissələrini məqsədli şəkildə qabartmaq düşmən işidir.
Eyni zamanda İslam tarixində baş verib verməməsi dəqiq məlum olmayan, çox zaman da məqsədli müəlliflər tərəfindən uydurulan hissələri təkrar - təkrar yazmaq, danışmaq da yalnız düşmənə xidmət edir.
Tarixi şəxsiyyətlərin müsbət yönlərini kənara qoyub yalnız mənfi tərəflərini göstərmək, məsələlərə subyektiv yanaşmaq fitnəkarlıqdan başqa şey deyil.
Unutmayın ki, adı "İslam tarixi" qoyulan çox kitablar İslam tarixi deyil, müəllifin məzhəbi yöndən tarixə yanaşmasını ortaya qoyan, bəzən də hissə qapanıb açıq qərəz nümayiş etdirdiyi kitablardır. İbn İshaq, İbn Hişam, İbn Səd kimi ilkin müəlliflər bundan müəyyən qədər uzaq olsalar da sonrakıların çoxu təəssüf ki, İslam tarixini subyektiv yazıblar.
Tarixi hadisələrin dəqiqliyini sözü gedən mövzu barədəki nəticəsi ortaya qoyur çox zaman.
Tural İrfan, MCP-nin sədr müavini, politoloq