İran və İsrail həlledici son savaşa doğru gedirlər- Tural İrfan yazır

İran və İsrail həlledici son savaşa doğru gedirlər- Tural İrfan yazır
09:55
"Xadimul hərəmeyn", yəni iki müqəddəs məkanın - Kəbə və Peyğəmbər məscidinin xadimi Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin oğlu, məmləkətin baş naziri və müdafiə naziri olan Muhəmməd bin Salmanın şərəf və ləyaqətini dünya ictimaiyyəti qarşısında ABŞ prezidenti Donald Trampın təhqir etməsi dolayı yolla İslamın müqəddəs dəyərlərini təhqir etməyi tədricən adiləşdirməyə hesablanıb.
ABŞ rəsmiləri mütəmadi olaraq əslində əsl hədəflərinin İslam olduğunu davamlı şəkildə açıq ifadə edirlər. Səddam Hüseynin məhz Qurban bayramı günü, İranın dini liderinin məhz Ramazan ayında öldürülməsi də İslamı və müsəlmanları alçaltmaq mahiyyəti daşıyırdı. Əslində qurumun ABŞ və maraqlarına xidmət etdiyini deyib BMT-nin nizamnaməsini yerə atan Qəddafini təhqiramiz şəkildə qətlə yetirən böyük səlib kualisiyası artıq bu yürüşün hədəflərini gizlətmir.
Hansısa müsəlman ölkəsinin lideri diktator, zalım ola bilər. Amma hər bir halda o, müsəlman bir ölkəni təmsil edir, xalqının canlı atributu, təmsilçisi sayılır. Müqəddəs Məkkə və Mədinənin xadimi, Qara Daşı öpən şahzadə Muhəmməd bin Salmanın indi Trampın biədəb yerini öpməli olduğunu ifadə etməsi əslində bütün İslam aləminə qarşı təhqirdir.
3-cü səlib yürüşünün baş komandanı, İngiltərə Kralı 1-ci Riçard Akka şəhərində 3000 dinc müsəlmanı əsir alıb işgəncə ilə öldürtmüş, sonra da qiymətli daş-qaşları guya udmuş olmaları ehtimalı ilə hamısının qarnını yardırmışdı. Bu gün də Fələstində bu ənənə daha dəhşətli şəkildə, sadəcə fərqli təqdimatda davam edir. Tramp hazırda dövrün böyük səlib yürüşünə baş komandan olmaq istəyir. Artıq Pakistanı da qara siyahıya salıblar. Türkiyənin də üzərində işləyirlər. İsrail - ABŞ birliyi səlib yürüşünü tam rəsmi olaraq ona görə açıq elan etmir ki, əsasən ərəb ölkələrinin sərvətindən, potensialından, resurslarından bu müharibədə istifadə edir. Bir sözlə, müsəlmanlara qarşı elə müsəlmanların öz pulu, sərvəti və gücü ilə savaşırlar. Elan edilməmiş səlib yürüşü həm də bütün İslam dünyasını orta əsrlərdəki kimi oyadıb birləşdirməyə mane olur. De-fakto səlib yürüşü olan bu müharibələri de-yure başqa cür adlandırırlar.
Bu səlib yürüşü orta əsrlərdəkindən fərqlidir. Yeni Səlahəddinin ortaya çıxmasına qarşı da tədbirlidirlər. İslam aləmində ümməti birləşdirməyə cəhd edən, fəallıq göstərən liderləri də dərhal aradan götürürlər. Səddam Hüseyn Yaxın Şərqin əsas sütunu idi. O sütun yıxıldıqdan sonra digər sütunlar da getdi. İndi də İranın növbəsidir. Sonra Pakistan və Türkiyəyə qarşı başlayacaqlar. İsrailin rəsmi dövlət sərhədləri məlum deyil və konstitusiyası da yoxdur. Çünki konstitusiya olsa orada dövlət sərhədləri və digər hüquqi hüdudlar göstərilməlidir. "Böyük İsrail" qurulmaq üçün Türkiyənin 20 faizi də daxil olmaqla Suriya, İordaniya, Misir, İraq, Livan, Fələstin tam işğal olunmalıdır. Yəni, bu dövlətlərə qarşı torpaq iddiası var. Əgər İsrail öz sərhədlərini rəsmi olaraq müəyyən etmiş olsa müsəlman ölkələrinin torpaqlarını işğal edib ilhaq edə bilməz.
Bu səlib yürüşü yəhudiləri qabağa verərək aparılır. Orta əsrlərdə əsasən Avropa ölkələri, Britaniya, Fransa başçılığında aparılırdısa indi ABŞ liderliyində aparılır.
Müsəlman ölkələrində Qərbin apardığı "demokratik dəyərlər", "insan haqları", "hüquq və azadlıqların təmini" kimi prinsiplər əslində quru şüar və əsl məqsədləri gizlətmək üçün qarmağa taxılmış yemdir. Həm müxtəlif qidalar, zəhərli ərzaqlar və dərman preparatları həm də mütəmadi olaraq hər dəfə fərqli müsəlman ölkələrinə qarşı savaş açmaqla kütləvi müsəlman qırğını ilə bu səlib yürüşü bir neçə istiqamətdə aparılır.
Hazırda İranın əli ilə ABŞ və İsrail körfəz ölkələrinə raket atır. Necə ki, vaxtilə Səddamı Xomeyni ilə eyni qaydada savaşdırıb hər ikisinə silah satdılar. Bir milyon müsəlman həlak olandan sonra da çağırıb öz BMT-lərində barışdırdılar. İndi də İrana müdaxilədən bir neçə saat əvvəl Pakistan və Əfqanıstanı müharibəyə məcbur etdilər. Hazırda İranı digər müsəlman ölkələri ilə savaşa çəkirlər. Amma nəticə əksinə ola, müsəlmanlar ayıla, birləşə bilər. Necə ki, İrana qarşı savaşı düzgün hesablaya bilmədilər, hazırda çabalayırlar. Demək səlib yürüşünün açıq fazası da ABŞ-ın səlib kualisiyasını bataqlığa çəkə bilər. Böyük ehtimalla bu silkələnmə İslam aləmini ayıldıb ayağa qaldıracaq. Müdafiə mövqeyindən hücum mövqeyinə keçid dünyanın siyasi mehvərini dəyişə bilər. Ümumiyyətlə son nəticədə dünyada iki böyük qütb yaranacaq: Çin və Türkiyə ətrafında formalaşan birliklər. ABŞ-ın binövrəsinə Tramp su salacaq, ştatlar ayrılacaq. İsraillə İran isə bir-birini yaratdıqları kimi bir-birini də əridəcəklər. Hələliksə müharibə daha da böyüyəcək və genişlənəcək. İsrail və İran hər ikisi teokratik rejimlər olaraq dünyanı qana boyayacaqlar. İsrail Məscid əl Əqsanın altından tunellər qazıb. Məscid artıq ibadətə bağlanıb. Ola bilsin partladıb İranın üstünə atacaqlar. Çünki Netanyahu son günlərdəki çıxışlarının birində Maşiyaxın gəlişi üçün işlər görməli olduğunu dilə gətirdi və Süleyman məbədinin bərpasını vacib saydı. Dini mətnlərinə görə də bu məbəd müsəlmanların müqəddəs saydığı Məscid əl Əqsanın üzərində tikildiyi məkandır. Donald Trampın Ağ Evdə xüsusi ayin keçirib evangelist inancına uyğun olaraq səlib yürüşünə xeyir-dua aldığını da bütün dünya gördü.
Bir sözlə bu qan Qiyamətə qədər davam edəcək. Çünki bu savaş digərləri kimi siyasi, iqtisadi, siyasi savaş deyil. Bu savaş mahiyyəti etibarı ilə ideologiya, inanc, din, məbəd savaşıdır. Yəhudilər deyir, bizim kitablarda Allah bu yerləri bizə vəd edib. Müsəlmanlar da deyir, Peyğəmbərimiz oradan Meraca gedib, Məscid əl Əqsa və Qüds bizimdir. Yəhudilər Maşiyaxı, müsəlmanlar Mehdini gözləyir.
Hər iki dinin kitablarında da bu savaşın Qiyamətə qədər davam edəcəyi göstərilir. Sonda ən böyük savaş olacağı deyilir. Əslində İran və İsrail bu həlledici son savaşa doğru gedirlər. Məhz o son savaş dünyanın məcrasını dəyişəcək.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada