Tanınmış həkimlər məhkəməyə çağırılacaq

Tanınmış həkimlər məhkəməyə çağırılacaq
19 Fev 2025 16:25

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, cinayət işi baş verən zaman Talassemiya Mərkəzinin baş həkimi vəzifəsində çalışmış Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, "Whatsapp" tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib.

Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib.

Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib.

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti təmin edib.

Prosesdə zərərçəkənlər ifadə verib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Sizin reklam burada
Sizin reklam burada