Sumqayıtda məhkəmə qərarına baxmayaraq tikinti işləri davam etdirilir? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda məhkəmə qərarına baxmayaraq tikinti işləri davam etdirilir? – RƏSMİ AÇIQLAMA
11:00

Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur. Sakinlərin sözlərinə görə, məhkəmə tərəfindən tikintinin qarşısının alınması ilə bağlı qərar çıxarılmasına baxmayaraq, ərazidə gecə saatlarında da tikinti işləri dayandırılmadan davam etdirilir.

Məsələ ilə bağlı News365.az tərəfindən Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanlanıb.

Sorğuya cavab olaraq FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən bildirilib ki, qeyd olunan tikinti obyekti ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinin tələblərinə uyğun olaraq obyektin tikintisinə icazə yaxud məlumatlandırma icraatı ilə bağlı müvafiq sənədlər olmadığı üçün tikinti işlərinin dayandırılması barədə qərar verilib.

Qəbul edilmiş qərar icra üçün sifarişçiyə, ərazidə nəzarətin təmin edilməsi məqsədilə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər Polis İdarəsinə göndərilib. Agentlikdən əlavə edilib ki, tikinti işlərinin dayandırılması ilə bağlı verilmiş qərara əməl edilmədiyi halda, nəzarəti təmin edən yerli icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə dərhal məlumat verilməlidir. Tikintinin dayandırılması haqqında qərar təqdim edildikdən sonra quruma hər hansı yeni məlumat daxil olmayıb.


Sizin reklam burada
Sizin reklam burada