Sülh sazişi Cənubi Qafqazın qlobal əhəmiyyətini gücləndirəcək - TƏHLİL

Sülh sazişi Cənubi Qafqazın qlobal əhəmiyyətini gücləndirəcək - TƏHLİL
09:22
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılması prosesi region üçün mühüm tarixi hadisədir və gələcək üçün böyük perspektivlər açır. Təxminən 30 ilə yaxın ATƏT -in Minsk qrupu çərçivəsində beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar dövründə ciddi nəticə əldə olunmamasına baxmayaraq, son 4 ildə tərəflər vasitəçilərsiz, birbaşa təmaslar nəticəsində konkret razılaşmalar əldə edə bildilər. Bu fakt tərəflərin sülhə və sabitliyə olan real istəklərini ifadə edir və vasitəçilərsiz birbaşa dialoqun daha effektiv olduğunu göstərir.
Razılaşdırılan sülh müqaviləsinin imzalanması və uğurla həyata keçirilməsi üçün Azərbaycanın irəli sürdüyü tələblər mövcuddur və bu tələblərin Ermənistan tərəfindən qəbul olunması regionda davamlı sülhün təmin olunmasında həyati əhəmiyyət kəsb edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bəyan edib, ancaq gələcəkdə mümkün ərazi iddialarının qarşısını tamamilə almaq məqsədilə konstitusiyasını dəyişməlidir. Bundan mənim fikirimcə, Ermənistanın təhsil və ictimai proqramlarından Azərbaycanın ərazisinə qarşı hər hansı iddia doğura biləcək bütün məzmunlar aradan qaldırılmalıdır. Bu tədbirlər regionda sabit və təhlükəsiz bir mühit formalaşdırmaqla yanaşı, gələcək üçün kindar nəsillər formalaşmasının qarşısını ala bilər.
Sülh müqaviləsinin imzalanması yalnız siyasi sabitliyə deyil, eyni zamanda iqtisadi yüksəlişə də güclü təkan verəcək. Təhlillər əsasən, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin açılması və iqtisadi əlaqələrin normallaşması nəticəsində hər iki ölkənin ÜDM-i ildə təxminən 2-3% artacağı proqnozlaşdırmaq olar. Dayanıqlı sülh həm ticarətin inkişafına, həm də sərmayələrin cəlb edilməsinə şərait yaradacaq.
İqtisadi əməkdaşlığın inkişaf etməsi regionda məşğulluğun artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərə bilər. Sərhədyanı bölgələrdə iqtisadi aktivliyin artması nəticəsində sülhdən sonrakı beş ildə təxminən 20-30 mindən çox yeni iş yeri yaratmaq mümkündür. Gürcüstan da bu iqtisadi imkanlardan faydalanacaq, çünki regional sabitlik sərmayə axınlarını və iqtisadi əlaqələri genişləndirəcək.
Uzunmüddətli və dayanıqlı sülhün təmin olunması Azərbaycan, Ermənistan və Gürcüstanın beynəlxalq arenada nüfuzunu yüksəldəcək, bu ölkələrin müxtəlif beynəlxalq reytinqlərdə daha yüksək mövqelər tutmasına kömək edəcək. Regionda sabitliyin möhkəmlənməsi nəticəsində turizm sektoru da inkişaf edəcək, turist axınının növbəti illərdə illik 15%-ə qədər artırmaq mümkündür.
Kommunikasiyaların açılması isə Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin iqtisadi və strateji əhəmiyyətini ciddi şəkildə artıracaq. Bu isə region ölkələrinə yeni gəlir mənbələri yaradacaq və Cənubi Qafqazın qlobal əhəmiyyətini gücləndirəcək.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada