“Sülh prosesində gözləntilər qarşılanmadı, dialoqun davam etməsi ümidvericidir”- Politoloq

“Sülh prosesində gözləntilər qarşılanmadı, dialoqun davam etməsi ümidvericidir”- Politoloq
02 İyn 2025 17:03

Politoloq Aytən Qurbanova Ukrayna-Rusiya arasında danışıqlar prosesini News365.az-a şərh edərkən bildirib ki, ilk mərhələdə sülh prosesindən ciddi nəticələr gözlənilsə də, baş verənlər gözləntiləri tam qarşılamayıb.

“Sadəcə müəyyən səviyyədə əsirlərin dəyişdirilməsi ilə bağlı qərar qəbul edildi. Bu da danışıqların ilk mərhələsi üçün çox məhdud nəticə sayılır. Lakin Canan Berdüğanın da qeyd etdiyi kimi, qəbul olunan qərarın operativ şəkildə icra olunması prosesin davamı üçün ümidverici siqnaldır”, – deyə politoloq bildirib.

İkinci görüşdə Ukraynanın irəli sürdüyü tələblərə cavab olaraq Rusiyanın memorandum təqdim edib-etməyəcəyi sual altındadır. Qurbanovanın sözlərinə görə, Rusiya tərəfi artıq belə bir sənədin təqdim olunduğunu iddia edir.

“Kreml sözçüsü Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrovun bəyanatlarında qeyd edilir ki, Ukraynanın bu sənədə münasibəti qeyri-konstruktivdir və əslində belə bir memoranduma ehtiyac yoxdur. Rusiya üçün əsas məsələ dialoqun başlanması və davam etdirilməsidir”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, müharibənin hər iki tərəf üçün dağıdıcı nəticələri olduğuna görə, həm Ukrayna, həm də Rusiya üçün danışıqlar prosesinin davamı strateji əhəmiyyət daşıyır:

“Üç ildən artıq davam edən müharibə hər iki ölkəni ciddi şəkildə zəiflədib. Bu mərhələdə qalib və məğlub anlayışı nisbi xarakter daşıyır. Lakin reallıq budur ki, Ukraynanın əraziləri işğal altındadır və Rusiya danışıqlara hərbi cəbhədəki üstünlüyü ilə başlayır”, – deyə Aytən Qurbanova vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada