Hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqları intensivləşib və proses yeni mərhələyə – kulminasiya nöqtəsinə doğru irəliləyir.
Bu barədə hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, mövcud danışıqlar, keçirilən görüşlər və telefon zəngləri göstərir ki, prosesin arxasında duran əsas fiqurlar Rusiya prezidenti Vladimir Putin və Donald Trampdır:
“Bu gün müvafiq müavilənin bağlanması ilə bağlı proseslər gedir. Lakin düşünürəm ki, burada əsas oyunçular Tramp və Putindir. Zelenskinin razılığı da dolayısı ilə bu iki şəxsdən asılıdır,” – deyə o bildirib.
Ramaldanov əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski hal-hazırda Avropanın təsiri altındadır və bu səbəbdən müstəqil qərar qəbul etməkdə çətinlik çəkir:
“Zelenski hələ ki, qərar vermək imkanında deyil. Avropa onu öz təsiri altında saxlayır. Eyni zamanda Avropa bu müharibədə öz maraqlarını təmin etməyə çalışır. Siyasi proseslərdə aktivləşən Avropa bölgü prosesindən kənarda qalmaq istəmir və hazırda müharibənin davam etməsində əsas maneə qüvvəyə çevrilib,” – deyə ekspert qeyd edib.
Ramaldanovun fikrincə, Avropa həm Rusiyanın istəklərinə qarşı çıxmaqda, həm də müharibənin sonrakı mərhələlərinə təsir göstərməkdə maraqlıdır. Onun sözlərinə görə, yaranmış situasiya Avropanın strateji planları ilə birbaşa bağlıdır.