“Paşinyan sülh müqaviləsini daxili auditoriyaya hesablayır, lakin bu sənəd Ermənistan Konstitusiyasına ziddir”
Sülh müqaviləsinin imzalanması yaxın perspektivdə gözlənilmir. Ermənistan tərəfi açıq şəkildə bildirir ki, bu proses 2027-ci ildən tez başlaya bilməz. Hazırda əsas hədəf Ermənistanda keçiriləcək seçkilərdir. Əgər baş nazir Nikol Paşinyan hakimiyyətdə qalarsa, növbəti mərhələdə referendum keçirilməsi, konstitusiyanın dəyişdirilməsi və bundan sonra sülh müqaviləsinin imzalanması ehtimalı var.
Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi üçün indiki mərhələdə sülh müqaviləsinin imzalanması o qədər də maraqlı deyil:
“Hazırda tələm-tələsik sülh sazişinə imza atmağa ehtiyac yoxdur. Bu, daha çox Ermənistanın və şəxsən Nikol Paşinyanın maraqlarına xidmət edir. Paşinyan 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində daxili auditoriyaya göstərmək istəyir ki, guya Azərbaycanla sülh müqaviləsi imzalayıb və bu yolla siyasi mövqeyini gücləndirmək niyyətindədir”.
Politoloq əlavə edib ki, hazırkı mətnlə imzalanacaq sülh müqaviləsi Ermənistan Konstitusiyasına ziddir və yalnız Paşinyanın siyasi və şəxsi ambisiyalarına xidmət edəcək:
“Azərbaycan belə birtərəfli və qeyri-dayanıqlı sənədə razılıq verə bilməz. Biz gözləyirik ki, Ermənistan qanuni şəkildə referendum keçirsin. Amma bir məsələ də var – Ermənistan bunu bir ay ərzində də edə bilər. Niyə bunu gecikdirirlər? Çünki Paşinyan seçkilər ərəfəsində referenduma getmək istəmir. Müxalifət, xüsusilə Robert Koçaryan və Serj Sarqsyan bu prosesi anti-təbliğat vasitəsinə çevirə bilər. Onlar iddia edəcəklər ki, Paşinyan Konstitusiyanı dəyişərək Azərbaycanla sülh müqaviləsi bağlamaqla bir çox əraziləri güzəştə gedir”.
Əsədullazadənin fikrincə, Ermənistanın daxilində siyasi sabitlik bərqərar olmadan, sülh müqaviləsinin imzalanması real görünmür