"Sülh gündəliyinin müəllifi məhz Azərbaycandır" - Elşad Mirbəşiroğlu

"Sülh gündəliyinin müəllifi məhz Azərbaycandır" - Elşad Mirbəşiroğlu
10 İyl 2025 13:35

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əbu Dabiyə səfəri Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin bir parçası kimi baş verir. Şübhəsiz ki, bu iki ölkə arasında sülhün əldə olunması istiqamətində atılan bütün addımlar, keçirilən görüşlər çox əhəmiyyətlidir. Burada vacib bir məqamı xüsusi qeyd etməliyik: sülh gündəliyinin müəllifi məhz Azərbaycandır."

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün təşəbbüsü özü irəli sürdü, qarşı tərəfə şərtlərini təqdim etdi və bu prosesi öz iradəsi ilə uğurla irəli aparır. Sülh mətni artıq tərəflər arasında razılaşdırılıb. İndi əsas məsələ odur ki, Azərbaycanın irəli sürdüyü iki əsas şərtə əməl olunsun. Bu şərtlərdən biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi, digəri isə ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətin hazırlanmasıdır.

Bu baxımdan, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Əbu Dabidə, qapalı qapılar arxasında keçirilən görüş sülhün əldə olunması istiqamətində çox mühüm bir addımdır. Burada təkcə sülhdən deyil, regionda kommunikasiyaların açılmasından da söhbət gedir. Ən başlıcası isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması məsələsinin müzakirə olunacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasının ilkin şərti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu mənada, Prezidentin Əbu Dabi səfəri olduqca vacib və əhəmiyyətlidir. Bu, birbaşa təmasdır və bu tip təmasların xüsusi rolu var.

Əslində, Azərbaycanla Ermənistan arasında kommunikasiya kanalları artıq formalaşıb. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər intensiv xarakter almağa başlayıb. İndi isə liderlər səviyyəsində — Prezidentlə Baş nazir arasında birbaşa və təkbətək görüşün baş tutması sülhün daha qısa müddətdə əldə olunması istiqamətində yeni imkanlar yarada bilər."


Sizin reklam burada
Sizin reklam burada