"İran Qərbə meydan oxumağa çalışır".
İranın nüvə proqramı və raket sistemlərinin inkişafı ilə bağlı Qərbin etirazlarına baxmayaraq, Tehran geri addım atmır.
Politoloq Rəşad Bayramovun News365.az-a açıqlamasına görə, bu məsələlərlə bağlı təzyiqlər olsa da, İran əksinə, addımlarını nümayiş etdirməklə sərt mövqe göstərməyə çalışır.
“Hazırkı mərhələdə raket sınaqlarını təxirə salmaq və ya gizlətmək olardı. Lakin İran bu addımları açıq şəkildə nümayiş etdirir və bununla demək istəyir ki, bu dəfə cavabımız daha sərt olacaq, İsraildə daha çox hədəfləri vurmaq imkanlarımız mövcuddur. Əgər başqa ölkələr də İsrailə dəstək məqsədilə İrana qarşı hücumlar etsələr, o istiqamətdə də konkret hədəflər vurulacaq”, – deyə Bayramov bildirib.
Politoloq xatırladıb ki, 12 günlük münaqişə zamanı ABŞ yalnız iki zərbə endirib və İranın nüvə obyektləri tamamilə məhv edilməyib:
“ABŞ ciddi şəkildə müharibəyə başlamaq istəsəydi, İsrail təyyarələri rahatlıqla Tehran üzərində uçuşlar həyata keçirə, bütün hədəfləri məhv edə bilərdi. Hətta dini liderin olduğu məkan belə hədəf alınacaqları barədə bəyanatlar verilmişdi”.
Rəşad Bayramov qeyd edib ki, İranın indiki addımları təkcə İsrailə deyil, həm də Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələrə yönəlmiş meydan oxuma xarakteri daşıyır:
“Bu dövlətlər İrana qarşı yeni sanksiyaların tətbiqindən danışır və bunun Tehran üçün son şans olduğunu bəyan edirlər. İran isə açıq şəkildə göstərir ki, geri çəkilmək niyyətində deyil”.