"Stiv Deynsin səfəri strateji mesajlar daşıyır”- Turan Rzayevin şərhi

"Stiv Deynsin səfəri strateji mesajlar daşıyır”- Turan Rzayevin şərhi
31 May 2025 10:14

2025-ci il mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Azərbaycana rəsmi səfər edib.

Ekspertlər bu səfəni ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirlər. Səfərin arxasında ciddi geosiyasi və strateji mesajların dayandığı bildirilir.

Senator Stiv Deyns 1984-cü ildən ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Deyns əvvəllər ABŞ-ın aparıcı texnologiya şirkətlərində çalışıb və hazırda ABŞ-ın keçmiş prezidenti Donald Trampa yaxınlığı ilə tanınır. 2023-cü ildə Trampın prezidentliyə namizədliyini dəstəkləyən ilk senatorlardan biri məhz Stiv Deyns olub. Bu amil onun səfərinin sadəcə diplomatik çərçivədə olmadığını, ABŞ-ın Cənubi Qafqazda yeni siyasi istiqamətlər axtardığını göstərir.

Səfər çərçivəsində senator Deyns Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib. Görüşlər zamanı siyasi dialoqla yanaşı, iqtisadi, enerji, texnologiya və investisiya sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu isə Vaşinqtonun Azərbaycanla münasibətlərə yalnız siyasi deyil, eyni zamanda iqtisadi prizmadan da baxdığını göstərir.

Ekspertlərə görə, hazırda regional gündəmin əsas mövzusu Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarıdır. Senator Deynsin səfəri bu prosesi yerində müşahidə etmək və ABŞ-ın regiondakı gələcək rolunu müəyyənləşdirmək məqsədi daşıya bilər. Vaşinqtonun sülh prosesində iştirak forması və bu fonda regiondakı maraqlarının qorunması məsələsi əsas prioritetlərdəndir.

Azərbaycan da ABŞ-la əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Bununla belə, iki ölkə arasında zaman-zaman yaranmış etimad probleminin tam aradan qalxmadığı müşahidə olunur. Ekspertlərin fikrincə, bu etimadın bərpası üçün konkret və real addımlar atılmalıdır. Bu kontekstdə ABŞ-ın 1992-ci ildə qəbul etdiyi və Azərbaycanın birbaşa yardım almasını məhdudlaşdıran “907-ci düzəliş”in ləğvi və ya tətbiqinin tamamilə dayandırılması aktuallaşır.

Qeyd edək ki, ABŞ Prezidenti müəyyən hallarda bu düzəlişin icrasını dayandırmaq səlahiyyətinə malikdir. Lakin sənədin tamamilə ləğvi ABŞ–Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini sürətləndirə bilər. Son zamanlar bəzi ABŞ senatorları bu düzəlişin ləğvini gündəmə gətiriblər. Bu isə Vaşinqtonun Bakıya qarşı münasibətində müsbət dəyişikliklərin ola biləcəyi ehtimalını gücləndirir.

Politoloqlar Donald Tramp ilə Prezident İlham Əliyev arasında birbaşa görüş ehtimalını da real sayırlar. Belə bir görüşün baş tutması iki ölkə arasında strateji, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə zəmin yarada bilər.

Nəticə etibarilə, senator Stiv Deynsin Azərbaycana səfəri ABŞ-ın regionda daha fəal mövqe tutmağa hazır olduğunu göstərir. Eyni zamanda bu səfər Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın mühüm tərəfdaş kimi ön plana çıxdığını nümayiş etdirir.

Müəllif: Turan Rzayev, politoloq


Sizin reklam burada
Sizin reklam burada