Azərbaycan Respublikasının audiovizual media sahəsində qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, Audiovizual Şuranın rəyi əsasında Zamiq Əli oğlu Yunisov “SHOW PLUS TV” kanalına direktor vəzifəsinə təyin olunub.
Mews365.az xəbər verir ki, rəsmi təyinat “SHOW PLUS TV”-nin fəaliyyətinin daha səmərəli təşkil edilməsi, idarəetmə mexanizmlərinin gücləndirilməsi, proqram və yayım siyasətinin mövcud normativ-hüquqi tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Zamiq Yunisov media və televiziya sahəsində uzunillik peşəkar təcrübəyə malikdir. O, müxtəlif dövrlərdə media qurumlarında və layihələrdə rəhbər və icraedici vəzifələrdə çalışıb, audiovizual media sahəsində idarəetmə və təşkilati bacarıqlarını praktik fəaliyyəti ilə təsdiqləmişdir.
Yeni rəhbərlik dövründə “SHOW PLUS TV” -də yayım keyfiyyətinin artırılması, proqram siyasətinin milli media maraqlarına uyğun formalaşdırılması, struktur idarəetmənin təkmilləşdirilməsi və kadr potensialının daha səmərəli istifadəsi əsas prioritetlər kimi müəyyən edilib.
Digər təyinatla isə kanalın Baş redaktoru vəzifəsinə əməkdar jurnalist Telman Nəzərli(Məmmədov)təyin olunub. Bu təyinatadək Telman Nəzərli müxtəlif dövlət qəzetlərində, AZTV və İctimai Tv-də baş redaktor, departament rəhbəri və digər vəzifələrdə çalışıb.