SOCAR qardaş
Türkiyədə fəaliyyətini ilbəil genişləndirir. Artıq SOCAR Türkiyə
iqtisadiyyatının ayrılmaz və əsas hissəsinə çevrilib. Və bu uğurlu yol çox qısa
zamanda keçilib. Nəzərə alaq ki, SOCAR 2008-ci ildən etibarən Türkiyədə fəaliyyət
göstərir. Lakin, iqtisadi əlaqələr daha əvvəl başlayıb. Şirkət həmin il Türkiyə
Respublikasının Özəlləşdirmə İdarəsindən “Petkim” səhmlərinin 51%-ni 2 milyard
40 milyon ABŞ dollarına satın alaraq ölkədəki fəaliyyətinə başlayıb.
News365.az xəbər verir ki, hazırda Türkiyənin ən böyük xarici investoru olan SOCAR, son 17 ildə bu ölkəyə ümumilikdə 18,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
Beləki,
ötən dövr ərzində SOCAR Türkiyədə STAR
Neft Emalı Zavodunun inşasına 6,7 milyard, TANAP (Trans-Anadolu Qaz Kəməri)-a 6,31
milyard, “Petkim”-in satın alınmasına
2,04 milyard,liman əməliyyatlarına 420 milyon, daşınmaz əmlaka 232 milyon, təbii
qaz şirkətlərinin alınmasına 180 milyon, saxlanc fəaliyyətinə 110 milyon, Fiber
sahəsinə 55 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
Bundan əlavə, SOCAR Türkiyənin Qrup Şirkətlərinə 2 milyard 445 milyon ABŞ dolları həcmində kapital qoyuluşu edib.
Ümumiyyətlə, "SOCAR Türkiyə" qardaş ölkənin ən böyük inteqrasiya olunmuş sənaye qrupu olaraq, enerji və sənaye
sektorlarında fəaliyyətini genişləndirməyə davam edir. Bu investisiyalar Türkiyənin
iqtisadi inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, iki ölkə arasında
strateji əməkdaşlığı da gücləndirir. Təsadüfi deyil ki, bu günlərdə SOCAR Türkiyədə
yaxın 5 illik hədəflərini açıqlayıb.
News365.az