Son illərdə Rusiyada müşahidə olunan sərt və aqressiv miqrasiya siyasəti təkcə hüquqi və inzibati tədbirlərlə deyil, həm də ideoloji əsaslarla formalaşdırılıb. Bu siyasətin fəlsəfi dayaqlarını isə rus millətçiliyinin əsas simalarından biri olan Aleksandr Duqin müəyyənləşdirir. O hesab edir ki, Rusiya imperiyadır və onun daxilində yalnız ruslar hegemon statusda qalmalıdır. SSSR-in digər əraziləri mərkəzin koloniyasıdır və onların mərkəzə tabeçiliyini təmin etmək vacibdir.
Duqin nasizm və kommunizm ideologiyaları əsasında özünün yeni ideoloji modelini formalaşdırıb və görünür, onun bu tezisləri Rusiyanın hakim dairələri tərəfindən əhalini bir mərkəz ətrafında saxlamaq üçün əsas vasitə kimi qəbul olunur.
Yeni konsepsiyanın əsas sütunu pravoslav xristianlığı, ən ali etnos isə ruslar hesab olunur. Digər xalqlar vassal və potensial təhlükə mənbəyi kimi təqdim edilir. Bu xalqlara qarşı sərt “zopa siyasəti” dəstəklənir.
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra qeyri-rus millətlərə qarşı qanun və zor tətbiqinə əsaslanan seleksiya siyasəti daha da dərinləşib. Əvvəlcə giriş-çıxış qaydaları sərtləşdirildi və nəticədə çoxsaylı insan ölkəni tərk etmək məcburiyyətində qaldı. Daha sonra Moskva və digər regionlarda miqrantların əmək bazarına çıxış imkanları məhdudlaşdırıldı. Beləliklə, bir çox miqrant ya ölkəni tərk etdi, ya da kölgə iqtisadiyyatına keçdi.
Yeni mərhələdə isə vətəndaşlıq almış qeyri-rusların sistemdən kənarlaşdırılması hədəflənib. Bu məqsədlə rusların “milli hərbə-zorba simvolu”na çevrilmiş OMON meydana çıxarılıb. Xüsusilə Krokus hadisəsindən sonra etnik rusların könlünü almaq üçün bu repressiya maşını tam gücü ilə işə salınıb.
Taciklər potensial terrorçu, özbək və azərbaycanlılar isə zorakı ünsürlər kimi təqdim olunur, və zor gücünə qorxu yaymaqla "Rusiya yalnız ruslar üçündür" konsepsiyası həyata keçirilir.
Ancaq Rusiyanın etniklərə qarşı qaldırdığı “zopa” elə öz başlarına dəyəcək. Özü də çox yaxın zamanda. Çünki kütləvi miqrant deportasiyaları xidmət, inşaat və nəqliyyat sektorlarında ciddi əmək qüvvəsi çatışmazlığı yaradır. Layihələr ya gecikir, ya da ümumiyyətlə dayanır. İşçi qüvvəsinin olmaması müəssisələrdə istehsalın azalması və xidmət səviyyəsinin zəifləməsi ilə nəticələnəcək.
Ölkədə onsuz da yaxşı olmayan iqtisadi vəziyyət daha da pisləşəcək. Qeyd etmək lazımdır ki, ÜDM-in böyük hissəsi hərbi sənaye müəssisələri hesabına formalaşır. Müharibə gec-tez bitəcək, amma real mənzərə və iqtisadi fəlakət bundan sonra daha aydın görünəcək. Hərbi sənayeyə yönəldilmiş iqtisadiyyatın sülh dövründə digər sahələrə keçidi olduqca çətin olacaq, çünki işləməyə işçi qüvvəsi qalmayacaq.