“Rusiya benzin qıtlığını aradan qaldırmağa çalışır” - Mehman İsmayılov

“Rusiya benzin qıtlığını aradan qaldırmağa çalışır” - Mehman İsmayılov
16:24

“Rusiya hava hücumlarını dayandırmaqla benzin qıtlığını aradan qaldırmağa çalışır”.

Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bir neçə gün əvvəl hava hücumlarının dayandırılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın endirdiyi zərbələr nəticəsində Rusiyanın ərazisində bir çox neft emalı və hərbi zavod ciddi ziyan görüb.

"Bu hücumlar nəticəsində Rusiya benzin qıtlığı ilə üzləşdi. Daxili bazarda yaranan çatışmazlıq səbəbindən hökumət benzinin ixracına qadağa qoydu. Buna görə də Rusiya hazırda hava hücumlarını həyata keçirmir, lakin bu, müharibədən imtina etdikləri anlamına gəlmir," – deyə politoloq vurğulayıb.

Mehman İsmayılovun sözlərinə görə, Ukrayna bu vəziyyətə ona görə razılaşıb ki, hava hücumundan müdafiə sistemlərini təmin etmək üçün kifayət qədər raket və mərmi çatışmır:

"Ukrayna yaranmış fürsətdən istifadə edərək ehtiyatlarını doldurmağa çalışır. Amma bu, Ukraynaya strateji üstünlük verməyəcək, əksinə, Rusiyanın maraqlarına xidmət edə bilər. Dünən Volqoqrad, Kuban, Krasnodar bölgələrində neft emalı zavodlarına, Orenburqda isə raket istehsalı üçün helyum qazı istehsal edən yeganə zavoda zərbələr endirildi. Bütün bunlar Rusiyanın təklifinin fonunda baş verir və Ukraynanın mərmi qıtlığı da açıq şəkildə görünür," – deyə o qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada