ABŞ ilə İran arasında danışıqlar yarımçıq qaldığı bir vaxtda Rusiya ilə bağlı diqqətçəkən iddialar gündəmə gəlib.
ABŞ mediasında yayılan məlumatlara görə, Rusiya İranla hərbi əməkdaşlıq çərçivəsində ABŞ hərbi qüvvələrinin mövqeləri barədə peyk kəşfiyyat məlumatları ötürüb. İddialarda həmçinin Moskvanın İran-a inkişaf etmiş pilotsuz uçuş aparatları (PUA) göndərməyə hazırlaşdığı da qeyd olunur.
Məlumatlara görə, son illərdə Tehran və Moskva arasında hərbi-texniki əməkdaşlıq artıq formalaşıb və qarşılıqlı dəstək elementləri mövcuddur. İranın da eyni şəkildə Ukrayna müharibəsi fonunda Rusiyaya müəyyən texnoloji dəstək göstərdiyi bildirilir.
Məsələ ilə bağlı politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Rusiya ilə İran arasında əməkdaşlıq yeni deyil, lakin onun miqyası və açıq xarakteri müzakirə mövzusudur.

Onun sözlərinə görə, Moskvanın İrana bu səviyyədə açıq dəstək göstərməsi ehtimalı aşağıdır, çünki bu, Rusiya üçün ABŞ ilə birbaşa qarşıdurma riskini artıra bilər. Ekspert vurğulayıb ki, ABŞ hərbi mövqeləri barədə kəşfiyyat məlumatlarının ötürülməsi artıq dolayı şəkildə münaqişəyə qoşulma kimi qiymətləndirilə bilər.
Turan Rzayev qeyd edib ki, hazırkı vəziyyət “birbaşa müharibə” kimi yox, böyük güclər arasında “proksi qarşıdurmanın” dərinləşməsi kimi dəyərləndirilməlidir. Onun fikrincə, Rusiya və ABŞ arasında gərginliyin yeni mərhələyə keçdiyi müşahidə olunur, lakin bu, açıq hərbi qarşıdurma anlamına gəlmir.