Rusiyadan qayıdan deputatdan ŞOK AÇIQLAMALAR

Rusiyadan qayıdan deputatdan ŞOK AÇIQLAMALAR
17:40

Razi Nurullayev: “Rusiyada olduğumuz müddətdə Ramiz Mehdiyev və onun ətrafında baş verənlərlə bağlı…”

“Rusiya tərəfinin Abbas Abbasovu Azərbaycana təhvil verməsi ehtimalı çox aşağıdır”

Bir müddət öncə Rusiyaya səfər edən Milli Məclisin üzvləri arasında deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də var idi.

Rusiya ilə münasibətlərdə hələ də gərginliklərin mövcudluğu şəraitində xüsusilə də müxalifət partiyasının təmsilçisinin şimal qonşumuza səfəri sosial şəbəkədə birmənalı qarşılanmadı. Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edən deputatlar Moskva şəhərində keçirilən “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı və Sankt-Peterburq şəhərində MDB PA-nın təşkilatçılığı ilə keçirilən Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak ediblər.

Razi bəyə bizi maraqlandıran məsələlərlə bağlı suallar ünvanladıq və maraqlı cavablar aldıq.

- Razi bəy, Rusiyaya səfəriniz birmənalı qarşılanmadı, xüsusilə də indiki durumda…Yəqin bu barədə tənqidlərlə özünüz də qarşılaşdınız…

- Siyasətdə populyarlıq qazanmaq asandır, amma məsuliyyətli qərarlar vermək çətindir. Bəli, Rusiyaya indiki mürəkkəb geosiyasi şəraitdə, Ukrayna ilə savaşın davam etdiyi bir vaxtda getmək bəzi dairələr tərəfindən tənqid oluna bilərdi və olundu da. Amma mən bir partiya sədri və millət vəkili kimi məsələyə emosiyalarla yox, dövlət maraqları müstəvisindən baxıram.

Mənimlə bərabər səfərdə həmkarlarım Nizami Səfərov və Eyvaz Qurbanov da vardı. Rusiya bizim qonşumuzdur, orada milyonlarla soydaşımız yaşayır. Qonşu ilə dialoqu kəsmək, ona qapıları bağlamaq çıxış yolu deyil. Əksinə, ən çətin məqamlarda birbaşa ünsiyyət lazımdır ki, Azərbaycanın haqlı mövqeyini onların öz paytaxtında, öz rəsmi kabinetlərində uca səslə deyə biləsən. Biz ora "qonaq" kimi yox, Azərbaycanın səsini çatdıran siyasətçilər kimi getmişdik. Siyasət kabinetlərdə oturub bəyanat vermək deyil, hadisələrin mərkəzində olmaqdır.

- Sizin səfəriniz Azərbaycanın mülki təyyarəsinin vurulmasının ildönümü ərəfəsində reallaşdı. Görüşdüyünüz rəsmi statuslu şəxslərlə bu mövzuda danışdınızmı? Baş verən hadisəyə münasibət necədir? Rusiyanın Azərbaycanın tələblərini icra etməməsinə necə reaksiya verirlər?

- Bilirsiniz, bu məsələ artıq öz hüquqi və diplomatik həllini tapıb. Bəli, vaxtilə çox ağır və gərgin bir proses idi, lakin Rusiya tərəfi baş verən hadisəyə görə rəsmən üzr istəyib və müvafiq kompensasiya ödənilməsi ilə bağlı öhdəliklərini qəbul edib. Dövlətlərarası münasibətlərdə belə böhranlı anlar olur, amma əsas odur ki, tərəflər sivil qaydada anlaşa bildilər.

Səfər zamanı həmin mövzunu yenidən gündəmə gətirib süni gərginlik yaratmağa ehtiyac duymadıq. Çünki artıq razılaşmalar əldə olunub, münasibətlər normal məcrasına qayıdıb və hər iki tərəf gələcəyə baxmağa qərar verib. Bir siyasətçi kimi hesab edirəm ki, həll olunmuş və tərəflərin qarşılıqlı anlaşması ilə yekunlaşmış bir məsələni, xüsusilə də ildönümü ərəfəsində yenidən qabartmaq və siyasi şou elementinə çevirmək nə dövlət maraqlarımıza uyğundur, nə də diplomatik etiketə.

Hazırda ölkələr arasında həlli vacib olan yeni gündəliyimiz var, enerjimizi də ora sərf etməliyik. Keçmişdəki düyünlər açılıbsa, onları yenidən boğazımıza dolamağın mənası yoxdur. Amma təyyarə qəzası təbii ki, yaddaşımızdan silinməyəcək, şəhid olanları və qəhrəmanlıqlarını da heç zaman unutmayacağıq.

Konfrans zamanı bizim çıxışlarımızdan sonra bir erməni deputat Bakıda həbsdə olan separatçı hərbi canilər barədə məsələ qaldırdı və onların azad olunması üçün kömək istədi. Rusiya tərəfinin onun çıxışına çox mənfi yanaşdığını hiss etdim. Həmkarım Nizami Səfərov ona hüquq dərsi keçdi və bəlkə də o, həyatında belə hüquq dərsi görməmişdi. Onun qaldırdığı məsələləri beynəlxalq hüququn maddələri ilə yerlə-yeksan etdi. Mən ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin çox professional olduğuna bir daha şahidlik etdim.

- Maraqlıdır, siz özünüz Rusiyaya uçarkən təyyarənizin hər hansı təhlükəyə məruz qalacağı barədə narahatlıq keçirdinizmi? Hər halda marşrut eyni idi və Ukrayna ilə savaş davam edir.

- İnsan faktorunu kənara qoymaq olmaz. Əlbəttə, marşrutun keçdiyi ərazilər, hərbi əməliyyatların coğrafiyası və əvvəlki acı təcrübələr müəyyən gərginlik yaradır. Amma mən bir missiya adamıyam. Əgər biz təhlükədən qorxub evdə otursaq, o zaman millətin dərdini kim və harada deyəcək? Təyyarədə olarkən daha çox hansı məsələləri necə qaldıracağımı düşünürdüm, nəinki öz fərdi təhlükəsizliyimi.

- Rusiyada olduğunuz günlərdə də bu ölkədə azərbaycanlılara qarşı təzyiqlər davam etdi, həbslər də oldu. Bu barədə etirazlarınızı həmkarlarınıza çatdırdınızmı? Sizcə, soydaşlarımıza qarşı kütləvi təqib kampaniyasının əsas səbəbi nədir? Müşahidələr nə deyir, Rusiya bizdən nə istəyir?

- Mənim müşahidələrim onu deyir ki, bu təzyiqlər təsadüfi deyil. Rusiya bizdən "şərtsiz sədaqət" və bəzi geosiyasi məsələlərdə tam onların xəttinə tabe olmağımızı istəyir. Biz isə müstəqil siyasət yürüdürük. Soydaşlarımızı isə bir "təzyiq rıçağı" kimi istifadə edirlər. Bu, çox təhlükəli bir oyundur və biz bütün vasitələrlə onların nəzərinə çatdırırıq ki, bu yanaşma ikitərəfli münasibətlərin gələcəyini ciddi təhlükə altına qoyur.

Amma qeyd etməliyəm ki, Rusiyada olduğumuz müddətdə azərbaycanlılara qarşı hər hansı kütləvi təzyiq və ya həbslər müşahidə edilməmişdi. Bu cür hallar səfərimiz başa çatdıqdan sonra mediadan izlədiyimiz məlumatlar əsasında məlum oldu.

Bununla belə, Dövlət Dumasında müxtəlif fraksiyaların nümayəndələri ilə keçirilən görüşlər zamanı ümumilikdə bu məsələlər danışıldı. Biz bütün görüşlərdə deyirik ki, azərbaycanlılara qarşı hər hansı təzyiq qəbuledilməzdir.

Müşahidələrim onu göstərir ki, bu cür hallar daha çox Rusiyanın daxili siyasi gündəmi, miqrasiya siyasətinin sərtləşdirilməsi və təhlükəsizlik məsələləri fonunda baş verir. Təəssüf ki, bəzən bu proseslər ayrı-ayrı xalqlara qarşı seçici və ədalətsiz yanaşma ilə müşayiət olunur.

Rusiya tərəfinin bizdən hansısa xüsusi tələbi olması barədə konkret rəsmi siqnallar yoxdur. Lakin görünən odur ki, böyük geosiyasi gərginliklər fonunda Moskva miqrasiya məsələlərində daha sərt və nəzarətçi mövqe sərgiləyir. Bu isə orada yaşayan və çalışan soydaşlarımıza da mənfi təsir göstərə bilir.

Bizim mövqeyimiz dəyişməzdir: harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının hüquqları qorunmalıdır və bu məsələ ikitərəfli münasibətlərin gündəliyində daim diqqətdə saxlanılmalıdır.

- Müharibə Sankt-Peterburqda daha çox hiss olunurdu, yoxsa Moskvada? Ukraynada 1 milyondan çox itki vermiş Rusiyada Yeni il atmosferi hiss olunurdumu? Yolkalar bəzədilmişdimi?

- Hər iki şəhər arasındakı fərq böyükdür. Sankt-Peterburq həmişəki kimi mədəni, azca məsafəli və bir qədər də özünəqapanmış görünürdü. Moskva isə daha aqressiv və gərgindir. Şəhərlər bəzədilib, bəli, yolkalar hər yerdə var, bayram işıqları parıldayır. Amma o ruh yoxdur. İnsanların gözlərində gələcəyə olan qeyri-müəyyənlik və ağır bir yorğunluq hiss olunur. Ukraynadan gələn tabutlar artıq Rusiya cəmiyyətinin daxili psixologiyasını dəyişib. O şaqraq Yeni il ab-havası sadəcə bir vitrindir, daxildə isə insanlar gərgin bir sükut içindədirlər. Müharibə artıq hər kəsin qapısını döyüb.

- Qızıl meydana da getmişdiniz. Maraqlıdır, Leninin mavzoleyində də oldunuz?

- Xeyr, mavzoleyə getmədim. Mənim üçün Leninin ideologiyası tarixin arxivinə gedib və mənəvi baxımdan orada axtaracağım heç nə yox idi.

- Bəs naməlum əsgərin məzarını ziyarət edərkən 100 il əvvəl Kreml divarları yaxınlığında dəfn edilən Nəriman Nərimanovu necə, ziyarət etdinizmi?

- Səmimi deyim ki, Nəriman Nərimanovun məzarını ziyarət etmək mənim şəxsi planlarımda var idi, çünki o, tariximizin ən mühüm və müzakirə olunan simalarından biridir. Onun 100 il öncə o divarların yaxınlığında dəfn edilməsi, taleyinin yad bir paytaxtla bağlanması tariximizin ən dramatik səhifələrindəndir. Onu ziyarət etmək mənəvi bir borc idi. Lakin bu səfər rəsmi xarakter daşıyırdı və bütün hərəkət trayektoriyamız əvvəlcədən müəyyən edilmiş sərt protokollar üzrə tənzimlənirdi.

Naməlum əsgərin məzarını ziyarət etmək rəsmi proqramın bir hissəsi idi və biz orada kollektiv şəkildə iştirak etdik. Eyni zamanda naməlum əsgər abidəsində faşizmə qarşı vuruşan 300 mindən çox azərbaycanlı şəhidin xatirəsini yad etdik. Bizim tariximiz o torpaqlarda qanla yazılıb, bunu unutmamalıyıq.

Təəssüf ki, həmin proqram çərçivəsində bizim hər hansı sərbəst zamanımız və ya fərdi marşrut seçmək imkanımız yox idi. Görüşlərin sıxlığı və protokol qaydaları elə qurulmuşdu ki, bir tədbirdən digərinə dərhal keçid etməli olurduq. Bu səbəbdən də Nəriman Nərimanovun məzarını ziyarət etmək arzumuzu bu dəfə gerçəkləşdirə bilmədik. Bir siyasətçi kimi bilirəm ki, belə dövlət əhəmiyyətli səfərlərdə şəxsi istəklər rəsmi gündəliyin kölgəsində qalır.

- Azərbaycan diasporu ilə görüş oldumu? Ümumiyyətlə, Rusiyadakı azərbaycanlıların durumu barədə gerçəklik necədir? Məcburən müharibəyə aparılan, itkin düşən, əmlakları əllərindən alınan azərbaycanlılar haqda çox eşidirik. Reallıq necədir?

- Bəli, diaspor nümayəndələri ilə görüşümüz oldu, lakin bu görüş Moskvada deyil, Sankt-Peterburqda baş tutdu. Görüşdə əsasən Rusiyada yaşayan azərbaycanlıların ümumi durumu, qarşılaşdıqları çətinliklər və mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi apardıq.

Reallıq ondan ibarətdir ki, Rusiyada yaşayan milyonlarla azərbaycanlı arasında vəziyyət eyni deyil. Qanuni əsaslarla çalışan, uzun illərdir orada yaşayan, biznes və ailə həyatı qurmuş soydaşlarımız var və onların əksəriyyəti gündəlik həyatlarını davam etdirirlər. Eyni zamanda, xüsusən son dövrlər miqrasiya və hərbi vəziyyət fonunda risk qrupuna düşən insanlar da mövcuddur.

Səfərbərlik məsələsi o qədər də narahatlıq yaratmır. Ayrı-ayrı hallarda vətəndaşlığı, hüquqi statusu tam aydın olmayan şəxslərin müxtəlif təzyiqlərlə üzləşməsi barədə məlumatlar var. Lakin kütləvi şəkildə azərbaycanlıların məqsədli olaraq müharibəyə aparılması barədə təsdiqlənmiş, sistemli bir mexanizm müşahidə olunmur. Daha çox hüquqi savadsızlıq və sənədlərlə bağlı problemlər insanları çətin vəziyyətə salır.

Əmlak məsələlərinə gəldikdə, burada da milli mənsubiyyətə görə total əl qoyma siyasətindən danışmaq doğru olmaz. Amma miqrasiya statusu zəif olan, qeyri-rəsmi yaşayan şəxslərin əmlak və bizneslə bağlı problemlərlə üzləşdiyi hallar mövcuddur.

Ümumi mənzərə belədir: vəziyyət həssasdır, amma panikaya əsas verəcək qədər ümidsiz deyil. Çıxış yolu isə aydındır - hüquqi statusun dəqiqləşdirilməsi, diaspor təşkilatlarının daha aktiv fəaliyyəti, hüquqi maarifləndirmə və dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi. Məhz bu istiqamətdə də görüş zamanı konkret təkliflər və tövsiyələr müzakirə olundu.

- Razi bəy, Rusiyada olarkən sizdən Ramiz Mehdiyev və ətrafında baş verənlər haqda soruşurdularmı? Yeri gəlmişkən, bu arada Rusiyaya sığınan Abbas Abbasov da axtarışa verildi. Sizcə, Rusiya onu Azərbaycana təhvil verəcəkmi?

- Xeyr, Rusiyada olduğumuz müddətdə Ramiz Mehdiyev və onun ətrafında baş verənlərlə bağlı bizə heç bir sual ünvanlanmayıb. Açıq deyim ki, bu mövzu ümumiyyətlə, müzakirə predmetinə çevrilməyib, hətta adı belə çəkilməyib. Görüşlərin gündəliyi daha çox rəsmi ikitərəfli məsələlər, regional proseslər və parlamentlərarası əməkdaşlıq üzərində qurulmuşdu.

Abbas Abbasova gəldikdə, onun barəsində Azərbaycanda axtarış elan edilməsi hüquqi prosedurdur, lakin reallıq onu göstərir ki, Rusiya tərəfinin onu Azərbaycana təhvil verməsi ehtimalı çox aşağıdır. Praktika göstərir ki, Rusiya bu tip məsələlərdə daha çox siyasi və hüquqi maraqlarından çıxış edir və oxşar hallarda ekstradisiya qərarları nadir hallarda verilir.

Yəni mövcud vəziyyətə əsasən demək olar ki, Abbas Abbasovun Azərbaycana qaytarılması real görünmür. Bu, artıq təkcə hüquqi deyil, eyni zamanda siyasi müstəvidə dəyərləndirilən məsələdir.

- Rusiya səfərindən dərhal sonra Polşaya səfərinizin məram-məqsədi nə idi? Rusiyanın işğal təhlükəsi bu ölkədə hiss olunurmu?

- Rusiya səfərindən dərhal sonra Polşaya səfərimin əsas məqsədi Polşa Dəniz Akademiyasında keçirilən beynəlxalq konfransda iştirak idi. Konfrans insanların yaşam təhlükəsizliyinə həsr olunmuşdu və bu mövzu hazırkı qlobal risklər fonunda xüsusi aktuallıq daşıyır.

Tədbir çərçivəsində çox maraqlı məruzələr və elmi təqdimatlar dinlənildi, təhlükəsizlik anlayışının yalnız hərbi deyil, sosial, iqtisadi və humanitar aspektləri də əhatə etdiyi vurğulandı. Eyni zamanda, insanların yaşam təhlükəsizliyinə həsr olunmuş, mənim də məqaləmin yer aldığı kitabın təqdimatı keçirildi. Həmin təqdimatda çıxış etdim və mövzu ilə bağlı mövqeyimi bölüşdüm.

Polşada olduğum müddətdə müşahidə etdim ki, təhlükəsizlik mövzusu cəmiyyətdə ciddi şəkildə müzakirə olunur, lakin gündəlik həyatda panika və ya fövqəladə psixoloji gərginlik hiss olunmur. İnsanlar ayıq-sayıqdır, dövlət isə riskləri nəzərə alaraq planlı şəkildə hazırlıq görür.

Ümumilikdə, bu səfər təcrübə mübadiləsi, akademik əməkdaşlıq və təhlükəsizlik sahəsində beynəlxalq yanaşmaların öyrənilməsi baxımından olduqca faydalı və məzmunlu oldu.


Sizin reklam burada
Sizin reklam burada