Rusiya ilə Ukrayna arasında davam edən müharibənin yaxın müddətdə başa çatması real görünmür. Tərəflərin danışıqlarda irəli sürdüyü tələblərin ciddi şəkildə fərqlənməsi, eləcə də Moskva ilə Kiyev arasında siyasi fikir ayrılıqlarının qalması münaqişənin uzun müddət davam edə biləcəyini göstərir.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib ki, müharibənin bir neçə onilliyə, daha doğrusu, münaqişənin uzunmüddətli xarakter daşıya biləcəyi ilə bağlı ehtimallar reallıqla müəyyən qədər üst-üstə düşür.

“Biz Rusiya ilə Ukrayna arasında siyasi baxımdan ciddi fikir ayrılıqlarının olduğunu aydın müşahidə edirik. Eyni zamanda, danışıqlar prosesində tərəflərin tələbləri də xeyli fərqlidir.
Ukrayna özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, təhlükəsizliyi ilə bağlı zəmanətlər əldə etmək və işğal olunmuş ərazilərini geri qaytarmaq istəyir. Bununla yanaşı, Rusiyanın daxili işlərinə qarışılmaması da Moskvanın əsas tələbləri sırasında yer alır.
Rusiya üçün isə müharibənin başlanmasına səbəb kimi irəli sürülən şərtlərin yerinə yetirilməsi hələ də əsas gündəm olaraq qalır. Rusiya xarici işlər nazirinin son açıqlamasında da bildirildi ki, Moskva münaqişənin dondurulmuş fazaya keçməsinə imkan verməyəcək və mövcud problemlərin aradan qaldırılmasını istəyir.
Burada əsas tələblər sırasında Ukraynanın Qərblə inteqrasiyasının qarşısının alınması, Avropa İttifaqına üzvlük və NATO ilə bağlı məsələlərin gündəmdən çıxarılması, həmçinin Rusiyanın tələblərinin bütövlükdə nəzərə alınması dayanır.
Belə bir şəraitdə müharibənin yaxın müddətdə başa çatacağı ilə bağlı ehtimallar səsləndirmək və konkret proqnoz vermək o qədər də doğru olmaz. Çünki burada artıq söhbət yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyindən getmir. Məsələ Avropanın təhlükəsizliyi kontekstinə keçib.
ABŞ-ın vasitəçiliyi gündəmdə olsa və müxtəlif müzakirələr aparılsa da, düşünürəm ki, Rusiya bu yanaşmanı tam şəkildə qəbul etmir. Müəyyən mərhələlərdə Donald Tramp və Vladimir Putinin şəxsi əlaqələri müəyyən mənada danışıqlar üçün platforma yaratsa da, sonrakı mərhələdə ABŞ-ın mövqeyində dəyişiklikləri aydın müşahidə edirik.
Ciddi dəyişikliklər olmasa da, ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməsi onu deməyə əsas verir ki, tərəflər arasında yekun razılıq əldə olunmayıb. Münaqişənin hələ də davam etməsi də göstərir ki, danışıqlar platformasının asanlıqla formalaşdırılması mümkün deyil. Hərbi əməliyyatların davam etməsi bunun bariz nümunəsidir”, – deyə politoloq qeyd edib.