2025-ci ildə minimum aliment 246 manat olacaq. Maraqlıdır ki, Azərbaycanda alimenti ən çox atalar ödəyir, yoxsa analar?
Statistik göstəricilər nələrdir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev News365.az-a danışıb. Onun sözlərinə görə, aliment ödəyənlər daha çox kişilərdir:
"Alimentlə bağlı məsələ mütamadi olaraq mətbuatda, sosial mediyada müzakirə obyektinə çevrilib. Bu da səbəbsiz deyil. Çünki aliment məsələsində valideynlər bu və digər şəkildə problemlərlə qarşılaşır. Bunun çox ciddi obyektiv və subyektiv səbəbləri var. Bəzi valideynlər işsizliyin, gəlirin olmamasını əsas götürərək obyektiv səbəb üzündən aliment ödəyə bilmədiyini vurğulayır, digərləri isə məhz subyektiv səbəbdən qarşı tərəfə aliment ödəmək istəmədir, israrlı olur, hətta manipulyativ üsullara əl atır. Mülkiyyətində olan əmlakı başqasının adına keçirir, çalışır ki, işsiz kimi qeydiyyata düşsün və aliment ödəməkdən yayınsın. Əfsuslar olsun ki, belə hadisələrlə rastlaşırıq. Ancaq onlar unudur ki, aliment uşağın qidalanması, inkişafı, ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub.
Təsadufi deyil ki, alimentin miqdarı uşaqlar üçün nəzərdə tutulan yaşayış minimum miqdarı ilə ekvalentdir. Bu il alimentin qiyməti qalxdı. Bu uşaqlar üçün nəzərdə tutulan yaşayış minimum ilə hesablanır. Bu təsadüfi deyil, yəni valideyn bilməlidir ki, bu qarşı tərəfə yox, övladın ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan bir məbləğdir və bu mütləq verilməlidir. Bu uşaq hüquqları haqqında qanunda, ailə məcəlləsi ilə tənzimlənir. Bunun ödənilmə qaydası aydın şəkildə göstərilibdir. Bir uşağa görə, əmək haqqının və gəlirlərin dördə biri qədər, iki uşağın əmək haqqı üçdə biri qədər, üç və daha çox uşağa görə əmək haqqı və gəlirlərin yarısı aliment kimi ödənilməlidir. Bu ödənilməsə inzibati qaydada məsuliyyətə, davamlı şəkildə olarsa cinayət məcəlləsi ilə tənzimlənən və hüquqi məsuliyyət yaradan məsələdir.
Sosioloq eyni zamanda ölkə üzrə aliment ödəyənlərin təqribi sayını da açıqlayıb:
"Ölkə üzrə təqribən 85 mindən çox aliment ödəyən insan var. Bu illər üzrə dəyişir. Aliment ödəyənlər daha çox kişilərdir. Birmənalı olaraq beynəlxalq konvensiyalar üzrə də yerli konvensiyalar üzrə də uşaq daha çox emosianal bağlılığı anaya çox olduğu üçün uşaq boşanma zamanı anaya verilir. Ona görə ata, anaya aliment ödəməlidir. Ödənilən məbləğ anaya yox, övlada çatır.
Bəzi istisna hallar da var ki, uşaq ana ilə qala bilməz. Bunun ayrı meyarları var. Ana sağlam anadırsa, uşaq şüphəsiz ki, ana ilə qalmalıdır. Əgər ananın səhhəti, həyat tərzi ilə bağlı ciddi problem varsa, bu halda uşaq anaya verilmir. Bütün hallarda aliment ödənilməlidir. Biz ictimai müzakirələr zamanı təklif edirik ki, əgər valideyn işsizdirsə, gəlirləri yoxdursa, bir sıra ölkələrdə də olduğu kimi Azərbaycanda aliment fondu yaradıla bilər. Bu aliment fondu uşağın alimentini ödəyir, valideyn iş tapdıqdan sonra, aliment fonduna ödənmiş alimenti transfer edə bilər. Çox güman ki, yaxın perspektivdə həllini tapa bilər. Çünki bu digər ölkələrin təcrübəsində özünü göstərir. Bu təklif ağılabatan təklifdir. Çalışılmalıdır ki, boşanmaların qarşısı alınsın. Əgər boşanma olursa sivil yolla, qarışlıqlı anlaşılma şəklində baş verməlidir. Aliment ödənilməsindən boyun qaçırılmamalıdır."- deyə bildirib.
News365.az