Rusiyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə götürdüyü öhdəliklərin icrası məsələsi bu gün də aktual olaraq qalır.
Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistan həmin öhdəlikləri yerinə yetirməkdə israrlı görünməsə də, məsələ əsasən Rusiyanın mövqeyi ilə bağlıdır.
“Əslində, biz bilirik ki, məsələ Ermənistanın mövqeyindən çox, Rusiyanın – xüsusilə onun xüsusi xidmət orqanlarının bu məsələyə nə dərəcədə nəzarət etməsi ilə bağlıdır. Əgər bu yol (Zəngəzur dəhlizi nəzərdə tutulur – red.) reallaşsaydı, bu, təkcə siyasi və ideoloji deyil, eyni zamanda iqtisadi əsaslara söykənən və ciddi maliyyə qənaətləri gətirəcək bir layihə olardı. Bununla da Rusiya regionda geosiyasi çəkisini qoruyacaqdı,” – deyə politoloq vurğulayıb.
Taleh Əliyevin fikrincə, Rusiya həmin vaxt bu layihəni dəstəkləməklə, Azərbaycanla Ermənistan arasında iqtisadi və sosial-mədəni münasibətlərin formalaşmasında öz mövqeyini möhkəmləndirə bilərdi. Bu isə Rusiyanın Cənubi Qafqazda qalıcılığını təmin edəcəkdi.
“Lakin bu gün vəziyyət dəyişib. Əbu-Dabidə keçirilən son görüşdən sonra Rusiya mediası və siyasi-ideoloji dairələrinin aktivləşməsi təsadüfi deyil. Həmin görüşdə tərəflər geniş açıqlama verməsələr də, mətbuata sızan məlumatlar və təmkinli davranışlardan görünür ki, ciddi razılaşmalar əldə olunub. Bu razılaşmalar mərhələli şəkildə həyata keçiriləcək və sonradan ictimaiyyətə açıqlanacaq,” – deyə politoloq Taleh Əliyev əlavə edib.