Azərbaycan-Hindistan əlaqələri yeni mərhələyə keçir: Ticarət dövriyyəsi yenidən artacaqmı?

Azərbaycan-Hindistan əlaqələri yeni mərhələyə keçir: Ticarət dövriyyəsi yenidən artacaqmı?
14:10

Azərbaycanla Hindistan arasında münasibətlər əsrlər boyu ticarət, mədəniyyət və tarixi əlaqələr üzərində formalaşıb. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən Hindistanla digər regionlar arasında ticarət əlaqələrinin qurulmasında mühüm rol oynayıb. Bu gün isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması əsas müzakirə mövzularından biridir.

Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında Azərbaycan-Hindistan münasibətlərinin tarixi köklərindən, mədəni əlaqələrdən və iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb.


Deputatın sözlərinə görə, iki xalq arasında əlaqələr yalnız ticarətlə məhdudlaşmayıb, ədəbiyyat, incəsənət və dini ənənələri də əhatə edib.

O bildirib ki, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan Hindistan tacirlərinin məhsullarını Türkiyə, Yaxın Şərq ölkələri və Avropa bazarlarına çatdırmasında tranzit ərazi kimi əhəmiyyət daşıyıb. Eyni zamanda, əlverişli şərait Hindistan tacirlərinin bir qisminin Azərbaycanda məskunlaşmasına imkan yaradıb.

Bunun tarixi nümunələrindən biri Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədidir. Məbədin kitabələrində Hindistanın dini ənənələrinə aid yazı və simvolların yer alması həmin dövrdə bölgələr arasında mövcud olmuş əlaqələri əks etdirir.


Samir Vəliyev qeyd edib ki, Azərbaycanla Hindistan arasında mədəni münasibətlər ədəbiyyat sahəsində də özünü göstərib. Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri Hindistanda tanınıb, iki ölkə arasında mədəni mübadilə uzun illər ərzində davam edib.

Deputatın sözlərinə görə, sovet dövründə də Azərbaycanla Hindistan arasında ictimai və mədəni əlaqələr inkişaf edib. Hindistanın tanınmış ictimai-siyasi və mədəni xadimləri, o cümlədən Sarvepalli Radhakrishnan və Cəvahirləl Nehru sovet Azərbaycanına səfərlər ediblər. Bu təmaslar iki tərəf arasında münasibətlərin möhkəmlənməsinə töhfə verib.


O, Azərbaycan musiqisinin görkəmli nümayəndəsi Rəşid Behbudovla Hindistan kinosunun məşhur aktyoru Rac Kapur arasındakı dostluq münasibətlərini də mədəni yaxınlığın nümunəsi kimi xatırladıb. Deputat vurğulayıb ki, sovet dövründə Hindistan filmləri Azərbaycanda böyük maraqla izlənilir, hind aktyorları tamaşaçılar arasında geniş populyarlıq qazanırdı.

Diplomatik münasibətlər və beynəlxalq əməkdaşlıq

Müasir dövrdə Azərbaycan-Hindistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu deyən deputat xatırladıb ki, Hindistan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulub.

Hindistanın Azərbaycandakı səfirliyi 1999-cu ildən fəaliyyət göstərir. Azərbaycanın Hindistandakı səfirliyi isə 2004-cü ildə açılıb.

Samir Vəliyev bildirib ki, hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda təmsil olunur. 2020-ci ildə COVID-19 pandemiyasına həsr olunmuş Qoşulmama Hərəkatının onlayn sammitində Hindistanın baş naziri də iştirak edib.

Həmin il Azərbaycanla Hindistan arasında ticarət və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə hökumətlərarası komissiyanın altıncı iclası Bakıda keçirilib. 2024-cü ildə isə Hindistan nümayəndə heyəti Bakıda təşkil olunan COP29 konfransında iştirak edib.

Deputatın fikrincə, bu təmaslar iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı üçün imkanlar yaradır.


Ticarət dövriyyəsinin artırılması üçün imkanlar

İqtisadi əlaqələrə toxunan Samir Vəliyev bildirib ki, son illərdə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin həcmində dəyişikliklər müşahidə olunub. Onun təqdim etdiyi rəqəmlərə əsasən, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,8 milyard dolları ötüb, 2023-cü ildə isə 1,4 milyard dollar təşkil edib. 2025-ci ildə bu göstərici 401 milyon dollara qədər azalıb.

Deputat hesab edir ki, gələcək dövrdə Azərbaycan-Hindistan iqtisadi əlaqələrinin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün imkanlar mövcuddur.

Onun sözlərinə görə, Azərbaycanın Hindistana ixracında xam neft, mineral yanacaqlar, mineral gübrələr, qeyri-üzvi kimyəvi maddələr və digər sənaye məhsulları mühüm yer tutur. Hindistan isə Azərbaycana dərman preparatları, müxtəlif avadanlıqlar, taxıl, kimyəvi maddələr və digər sənaye və istehlak məhsulları ixrac edir.


Samir Vəliyev vurğulayıb ki, energetika iki ölkə arasındakı iqtisadi münasibətlərin əsas istiqamətlərindən biridir. Bununla yanaşı, ticarət əlaqələrinin şaxələndirilməsi və qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi də əhəmiyyət daşıyır.

Deputatın qənaətinə görə, iqtisadi əməkdaşlığın mövcud potensialından daha səmərəli istifadə edilməsi gələcəkdə Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsinin artmasına şərait yarada bilər.



Sizin reklam burada
Sizin reklam burada