"Rusiya Azərbaycandan üzr istəməlidir!"- Ceyhun Məmmədov

"Rusiya Azərbaycandan üzr istəməlidir!"- Ceyhun Məmmədov
11:55

"Rusiya məmurları və siyasətçiləri sanki hələ də 19-cu əsrdən bu yana keçə bilməyiblər. Onların yanaşması, təfəkkürü və hərbə-zorba dili ilə danışması müasir dövrdə artıq qəbuledilməzdir. Xüsusilə Azərbaycan kontekstində biz həmişə Rusiya ilə münasibətlərin qorunmasında və inkişafında maraqlı olmuşuq."

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu News365.az-a açıqlamasında deyib. 

"Müstəqillik dövrünə nəzər salsaq, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra MDB-yə qoşuldu, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı səylərlə inkişaf etdirildi. Prezident İlham Əliyevin dövründə bu əlaqələr daha da genişləndi və iki ölkə arasında müttəfiqlik sənədi imzalandı. Biz həmişə bu öhdəliklərə sadiq qaldıq.

Lakin biz tarixi də unutmuruq. Azərbaycan xalqına qarşı ən böyük faciələrə, itkilərə səbəb olan məhz Ruslar olub. Prezident də öz çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq tariximizi dərindən bilməyin vacibliyini vurğulayıb. 1805-ci ildən bəri yüz minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan Xalq Cümhuriyyətini məhv edən, Ermənistana dəstək verərək Azərbaycanlıları öz dədə-baba torpaqlarından qovan, Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal edən, Ermənistanı silahlandıran və bizim haqq savaşımıza mane olan məhz Rusiya olub. Gəncəni və Bərdəni vuran, İskəndər raketlərini atan da elə Rusiyaydı.

C.Məmmədov  bildirir ki, Azərbaycan hər zaman Rusiya ilə normal münasibətlərini qoruyub:

"Bütün bu tarixi faktlara baxmayaraq, Azərbaycan hər zaman Rusiya ilə normal münasibətləri qoruyub saxlayan nadir ölkələrdən biri olub. Bugün dünyada Rusiyanın az sayda dostu qalıb – Çin, İran və müəyyən qədər Belarus. Azərbaycan isə həmişə bu münasibətlərin konstruktiv olmasına çalışıb.

Bəs indi nə baş verir? Azərbaycanın hərbi təyyarəsi vurulur, onu dənizdə batırmaq belə istəyirlər. Lakin Azərbaycan xalqı öz mövqeyini açıq şəkildə ortaya qoyur: Biz müstəqil dövlətik! Bizim münasibətlərimiz qarşılıqlı hörmətə və beynəlxalq hüquqa əsaslanır. Buna görə də Rusiya üzr istəməlidir!"


Sizin reklam burada
Sizin reklam burada