"Fransanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında ciddi fərq var"- Cavanşir Feyziyev

"Fransanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında ciddi fərq var"- Cavanşir Feyziyev
15:42

"ABŞ Prezidenti Donald Tramp bildirib ki, Demokratların hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları kifayət qədər zərər çəkib. İndi isə Tramp hakimiyyətə gəldikdən sonra yeni ümidlər yaranıb və bu ümidlər müəyyən əsaslara dayanır. Çünki, hər şeydən əvvəl, Donald Tramp əksər Amerika prezidentlərindən fərqlənir."

Milli Məclisin deputatı Cavanşir Feyziyev bunu News365.az-a açıqlamasında deyib. 

"Dünyaya və beynəlxalq münasibətlərə yanaşma tərzinə görə. Tramp müharibə tərəfdarı deyil. O, müharibə adamı deyil. Başqa ölkələrin maraqlarına təsir etmək üçün qrupları maliyyələşdirmək və ya silahlandırmaq niyyətində deyil. Trampın məni cəlb edən tərəfi də budur. Donald Tramp əslində ABŞ üçün çox vətənpərvər bir şəxsdir. O, ABŞ-ın iqtisadi gücünü artırmaq və Amerikan vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq istəyir. ABŞ-dakı seçki kampaniyalarında Donald Trampın qazandığı səslər də bunu göstərir.

Deputat həmçinin qeyd edir ki, Trampın əsas marağı sabitlik və inkişaf istəyən ölkələrlə, o cümlədən bizim kimi ölkələrlə əlaqələr qurmaqdır:

"Bütün bunları həyata keçirmək üçün Trampa sülh lazımdır. Dünyanın hər yerində sülhə ehtiyac var. Buna görə də, o, hələ prezidentliyinə başlamamışdan əvvəl İsraildəki münaqişə qismən sakitləşmişdi. Atəşkəs elan olunmuşdu və nəhayət, bu münaqişənin həlli istiqamətində addımlar atılmışdı. O, hələ də bu problemin həlli üzərində çalışır. Lakin bütün bunlar Trampın əsas marağı deyil. Trampın əsas marağı sabitlik və inkişaf istəyən ölkələrlə, o cümlədən bizim kimi ölkələrlə əlaqələr qurmaqdır. Və o, bundan faydalanmaq istəyir. Məncə, bu, bizim maraqlarımıza uyğundur. Bizə sabitlik lazımdır. Azərbaycanın siyasəti bu paradiqmaya əsaslanır. Azərbaycan digər ölkələri onların iqtisadi gücü və potensialına görə qiymətləndirir. Məsələn, Rusiya, ABŞ və ya Avropanın inkişaf edən ölkələri – bunların hamısı iqtisadi və siyasi nüfuz baxımından Azərbaycandan daha güclü dövlətlərdir.

Bu baxımdan, Azərbaycan həmişə praqmatik siyasət yürüdüb. Azərbaycan heç vaxt hansısa ölkəyə onun iqtisadi və ya siyasi gücünə görə yanaşmayıb və öz maraqlarını itirməyib. Eyni zamanda, Azərbaycan öz ərazilərinin azad edilməsi məsələsində də prinsipial mövqe sərgiləyib. Eyni prinsiplər iqtisadi sahədə də tətbiq edilir. Azərbaycan Çin, ABŞ və Böyük Britaniya kimi ölkələrlə sıx əməkdaşlıq edir. Bunlar dünyanın ən güclü dövlətləridir. Çin bizim strateji tərəfdaşımızdır, Böyük Britaniya Azərbaycana ən böyük sərmayə yatıran ölkədir. ABŞ ilə münasibətlər isə müəyyən çətinliklərdən keçsə də, hazırda müsbət istiqamətdə inkişaf edir. Buna görə də, Prezident müsahibəsində bildirdi ki, biz gələcəyə nikbin baxırıq.

Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu münasibətlərə xüsusi diqqət yetirir və heç bir ölkədən geri qalmır. Məhz bu prinsiplər Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu və mövqeyini gücləndirir. Bizə daha güclü tərəfdaşlar lazımdır. Məsələn, Avropa ölkələri. ABŞ istənilən vaxt bu ölkələrlə Azərbaycan arasında əlaqələrin qurulmasına vasitəçi olmağa hazırdır.

İkinci Dünya Müharibəsindən sonra Yaxın Şərqdə baş verən münaqişələr haradan qaynaqlanır? Bunlar, əsasən, həmin xalqların hisslərini manipulyasiya etmək istəyindən doğub. Bütün bunlar Avropa və ABŞ-ın siyasi manipulyasiyalarının nəticəsidir. Bu baxımdan, Azərbaycan Prezidenti həmişə öz ərazilərini və xalqını belə müdaxilələrdən qoruyub. Və o, bunu çox ehtiyatla edib. ABŞ və Avropa Azərbaycanda təsir gücünü artırmaq istəyir.Buna razısınızmı? Bəzən bu, narahatlıq yaradır. Bəzən isə onlar bunu qəbul etmək istəmirlər. O ölkələr, o siyasi liderlər iddialarına uyğun hərəkət edə bilmirlər. Məsələn, Azərbaycanla qarşıdurmaya girdikdə, iddialarından geri çəkilmirlər. Məhz Fransa kimi.

Təbii ki, bu, onları narahat edir. Ancaq gəlin baxaq: Fransanın dünyadakı mövqeyi ilə Azərbaycanın mövqeyi arasında ciddi fərq var. Bu baxımdan, Azərbaycan Fransa qarşısında geri addım atmadı və öz maraqlarını təmin etdi. Əksinə, Fransa nə Afrikada, nə də Yaxın Şərqdə istədiklərinə nail ola bildi. Azərbaycana qarşı ortaya qoyduğu iddialar uğursuz oldu. O, verdiyi vədləri yerinə yetirə bilmədi.

Bu, Azərbaycanın uğurudur. Bu, Azərbaycanın siyasətinin nəticəsidir. Və bu siyasət Azərbaycan xalqının müdafiəsinə yönəlib.


Sizin reklam burada
Sizin reklam burada